Heyvan sağlamlığı sahəsində laboratoriya sisteminin inkişafı ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) laboratoriyalarının maddi-texniki bazasının gücləndirilməsi və modernləşdirilməsi istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirilir. Həmçinin laboratoriyalarda qabaqcıl texnologiyaların tətbiqi, səriştəliliyin artırılması üçün kadrların təlimlərdə və beynəlxalq laboratoriyalararası səriştəlilik sınaqlarında iştirakı təmin edilir.

Foodinfo.az xəbər verir ki, həyata keçirilən tədbirlər çərçivəsində AQTİ-nin Mərkəzi Baytarlıq Laboratoriyası (MBL) İngiltərənin “Vetqas APHA Scientific” sirkəti tərəfindən təşkil olunan quduzluq xəstəliyinin ELISA müayinə metodu ilə təyini üzrə beynəlxalq səriştəlik sınağına qatılaraq uğurlu nəticə əldə edib.

Qeyd edək ki, bundan əvvəl də beynəlxalq səviyyədə təşkil olunan səriştəlilik sınaqlarında yüksək nəticələr əldə edən MBL müasir maddi-texniki bazaya malik olan və beynəlxalq tələblərə cavab verən ikinci səviyyəli biotəhlükəsizlik laboratoriyasıdır. Bu laboratoriyada biokimyəvi, mikrobioloji, virusoloji, seroloji, molekulyar-genetik, kimyəvi-toksikoloji və parazitoloji müayinələr aparılır. MBL ISO/IEC 17025 “Sınaq və kalibrlənmə laboratoriyalarının səlahiyyətliliyinə dair ümumi tələblər" standartına əsasən Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən milli, Türkiyə Akkreditasiya Qurumu “TÜRKAK” tərəfindən isə beynəlxalq akkreditasiyadan keçirilib.