Şərq mətbəxindən olan xırtıldayan, ədviyyəli və iştahaaçan koreya “sparjası” salatı artıq uzun illərdir Asiyadan kənarda da böyük populyarlıq qazanıb və şərq qəlyanaltılarının ayrılmaz hissəsinə çevrilib. Lakin bir çox istehlakçını düşündürən əsas sual budur: niyə bu bej rəngli, lifli məhsul bildiyimiz yaşıl sparja saplaqlarına qətiyyən bənzəmir? Foodinfo.az Sports.kz-ə istinadən xəbər verir ki, bu sualın cavabı həm maraqlı marketinq gedişində, həm də Asiyaya məxsus qədim istehsal texnologiyasında gizlənir.
Əslində “koreya sparjası” bitki deyil və botaniki sparja ilə heç bir əlaqəsi yoxdur. Bu məhsul zülalla zəngin olan xüsusi soya yarımfabrikatıdır. Müxtəlif ölkələrdə fərqli adlarla tanınır: Çində ən çox “fuçu”, Yaponiyada “yuba”, keçmiş SSRİ məkanında isə “soya sparjası” kimi bilinir.
Fuçu adlanan bu məhsul qaynar soya südünün səthində əmələ gələn və sonradan qurudulan nazik təbəqədən hazırlanır. İstehsal prosesində əvvəlcə soya paxlaları isladılır, üyüdülür və bərk hissə ayrıldıqdan sonra soya südü əldə edilir. Bu süd uzun müddət zəif odda qızdırıldıqda üzərində elastik və sıx bir plyonka yaranır.
Həmin plyonka əsasən soya zülalı və yağının konsentratından ibarət olur. O, xüsusi çubuqlar və ya alətlərlə ehtiyatla yığılır, bəzən burularaq çubuq və ya boru formasına salınır, daha sonra isə tam qurudulur. Quru vəziyyətdə olan fuçu uzun müddət saxlanıla bilir və məhz koreya “sparjası” salatının əsas xammalı hesab olunur.
“Sparta” adının yaranması isə böyük ehtimalla bu məhsulun qurudulmuş və ya isladılmış formasının gənc sparja zoğlarına bənzəməsi ilə bağlıdır. 90-cı illərdə formalaşmış bu marketinq yanaşması bu gün artıq kulinariya tarixinin maraqlı bir detalı kimi qəbul edilir.
Mütəxəssislər qeyd edirlər ki, adı çaşdırıcı olsa da, koreya “sparjası” bitki mənşəli zülalla zəngin olması səbəbilə düzgün istifadə edildikdə sağlam və dadlı qida seçimi hesab olunur.






