Dəniz məhsulları həm qidalı, həm də orqanizm üçün faydalı hesab olunur və mütəxəssislər onların müntəzəm istehlakını tövsiyə edirlər. Mağazalarda ən çox dondurulmuş krevet və kalmar halqalarına rast gəlinir və bu məhsulların hazırlanması böyük çətinlik yaratmır. Foodinfo.az BB.LV saytına istinadla xəbər verir ki, düzgün bişirmə qaydalarına əməl edildikdə bu dəniz məhsulları həm dadlı, həm də yumşaq alınır.

Krevetlər adətən təmizlənmiş və ya qabıqlı şəkildə satışa çıxarılır. Qabıqlı krevetlər duzlu suda üç-dörd dəqiqə bişirilməlidir ki, dadını itirməsin. Təmizlənmiş krevetlər isə daha qısa müddətdə, təxminən iki-üç dəqiqəyə hazır olur. Böyük ölçülü krevetlərdə olan bağırsaq xəttinin çıxarılması məsləhət görülür, çünki bu hissə ətə xoşagəlməz dad verə bilər. Dondurulmuş krevetlər ölçüsündən asılı olaraq beş-on dəqiqə bişirilir və sonra dərhal soyudulmalıdır. Bu zaman buzdan istifadə edilməsi onların elastikliyini qorumağa kömək edir.

Krevetləri buxarda bişirmək də mümkündür və bu üsul onların faydalı maddələrini saxlamağa imkan verir. Təmizlənmiş krevetlər yağda sarımsaqla qızardıla, sobada qaymaqla bişirilə və ya manqal üzərində hazırlanaraq süfrəyə verilə bilər. Dəniz qoxusunu azaltmaq üçün bişirmə zamanı az miqdarda araq əlavə olunması da tövsiyə edilir.

Kalmarlar da dondurulmuş və ya soyudulmuş halda satışda olur. Onların hazırlanmasının ən sadə yolu təmizlənmiş halda suda bişirilməsidir. Kalmar əti qaynar suya salınmamalı, isti suda bir neçə dəqiqə saxlanılmalıdır ki, sərtləşməsin. Qızardılarkən isə həddindən artıq bişirilməməsi vacibdir, əks halda ət bərkiyir. Əgər kalmar çox bişibsə, üzərinə su əlavə edib zəif odda bir müddət bişirməklə yumşaqlığını bərpa etmək mümkündür.