2-ci tip şəkərli diabet uzun müddət heç bir açıq əlamət vermədən inkişaf edə bilər. Foodinfo.az NEWS.ru saytına istinadla xəbər verir ki, endokrinoloq Gülnarə Zakirova bəzi hallarda insanın xəstəlikdən 5–7 il ərzində xəbərsiz qala biləcəyini bildirib.

Həkimin sözlərinə görə, ilkin mərhələlərdə orqanizm qanda qlükoza səviyyəsinin artmasını kompensasiya etməyə çalışır. Mədəaltı vəzi daha çox insulin ifraz edir, toxumalar isə müəyyən müddət insulinə həssaslığını saxlayır. Bu səbəbdən metabolik dəyişikliklər baş versə də, insan uzun müddət heç bir narahatlıq hiss etməyə bilər. Bu dövr fərdi xüsusiyyətlərdən, genetik meyildən, bədən çəkisindən və həyat tərzindən asılı olaraq dəyişir.

Gülnarə Zakirova vurğulayır ki, mütəmadi qan analizləri diabeti gizli mərhələdə aşkar etməyə imkan verir. Erkən diaqnoz qoyulduğu hallarda isə düzgün qidalanma, fiziki aktivlik və çəkiyə nəzarət vasitəsilə vəziyyəti sabitləşdirmək mümkündür.

Mütəxəssisin fikrincə, xüsusilə risk qrupuna daxil olan şəxslər profilaktik müayinələrə diqqət yetirməli və sağlam həyat tərzini gündəlik vərdişə çevirməlidirlər.