Qida dözümsüzlüyü bəzi qidaların orqanizm tərəfindən tam həzm olunmaması və ya mənimsənilməməsi nəticəsində yaranan bir vəziyyətdir. Bu hal qida allergiyasından fərqli olaraq immun sistemlə deyil, daha çox həzm sistemi ilə bağlı olur.
Foodinfo.az xəbər verir ki, qida dözümsüzlüyü zamanı orqanizm müəyyən maddələri parçalamaqda çətinlik çəkir. Məsələn, Laktoza dözümsüzlüyü süd və süd məhsullarında olan laktozanın həzm olunmaması ilə əlaqədardır.
Bu problemin əsas əlamətləri arasında qarın köpü, qaz, ishal, qarın ağrısı və bəzən ürəkbulanma yer alır. Əlamətlər adətən həmin qida qəbul edildikdən bir müddət sonra ortaya çıxır.
Bundan əlavə, bəzi insanlarda qida dözümsüzlüyü baş ağrısı, yorğunluq və dəri problemləri kimi əlamətlərlə də özünü göstərə bilər. Bu isə diaqnozu bir qədər çətinləşdirə bilər.
Bu cür hallarla tez-tez qarşılaşan şəxslər qida gündəliyi aparsın və hansı qidaların problem yaratdığını müəyyən etsinlər. Zəruri hallarda həkimə müraciət etmək və xüsusi testlərdən keçmək vacibdir.
Qeyd edilir ki, qida dözümsüzlüyünün idarə olunmasının əsas yolu problem yaradan qidaların məhdudlaşdırılması və ya rasiondan çıxarılmasıdır. Alternativ qida seçimləri ilə balanslı qidalanmanı qorumaq mümkündür.
Düzgün qidalanma və fərdi xüsusiyyətləri nəzərə almaq sağlam həyat tərzinin əsas şərtlərindən biridir.






