Yazın gəlişi ilə bir çox insan qidalanmasını kəskin şəkildə dəyişərək daha çox tərəvəz və göyərtiyə üstünlük verir. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, bu cür ani dəyişikliklər orqanizm üçün problemlər yarada bilər.
Foodinfo.az aif.ru saytına istinadla xəbər verir ki, qastroenteroloq Yelena Pavlova yaz rasionuna keçidin mərhələli şəkildə aparılmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, qış aylarında həzm sistemi və bağırsaq mikroflorası fərqli qidalanmaya uyğunlaşır və birdən-birə bol göyərtiyə keçid köp, ağrı və diskomfort yarada bilər.
Həkim izah edir ki, çiy tərəvəzlərdə olan sellüloza və lignin kimi liflər həzm üçün çətindir. Qışdan sonra orqanizm bu maddələri emal etməyə hazır olmur. Bundan əlavə, faydalı bakteriyaların sayı azala, əvəzində zərərli mikroorqanizmlər çoxala bilər.
Mütəxəssis tövsiyə edir ki, yaz qidalanmasına keçid 7–14 gün ərzində tədricən həyata keçirilməlidir. İlk olaraq göyərtilər bişmiş yeməklərə əlavə edilməli, bir neçə gündən sonra isə tədricən çiy formada istifadə olunmalıdır.
Başlanğıc üçün daha yüngül tərəvəzlər – balqabaq, kök, yaşıl lobya kimi məhsullar seçilməlidir. Kələm, turp, soğan, sarımsaq kimi daha ağır həzm olunan tərəvəzlər isə sonrakı mərhələdə və az miqdarda rasiona daxil edilməlidir.
Həkim vurğulayır ki, gündəlik 400 qram tərəvəz və meyvə norması faydalıdır, lakin orqanizm uyğunlaşmadan bu miqdarı məcburi şəkildə qəbul etmək düzgün deyil. Balanslı və mərhələli yanaşma sağlamlıq üçün daha təhlükəsiz hesab olunur.






