Bədən çəkisini tez və kəskin azaltmaq istəyənlər çox vaxt sağlamlıq problemləri ilə üzləşirlər. Foodinfo.az xəbər verir ki, qastroenteroloq Vladimir Lobkov sərt pəhrizlərin orqanizmə ciddi təsirlərindən danışıb.

Mütəxəssis bildirir ki, qida miqdarının və kalori tərkibinin kəskin azaldılması ilk növbədə həzm orqanlarına ziyan vurur. Bu, mədə şirəsinin ifrazının azalmasına, mədə və bağırsaqların hərəkət qabiliyyətinin pozulmasına və mikrobiotanı dəyişməsinə gətirib çıxarır. Nəticədə dispepsiya (şişkinlik, ağırlıq, ürəkbulanma), qəbizlik və ya əksinə, qeyri-sabit nəcis əmələ gəlir.

Davamlı sərt kalori defisiti həm də makro və mikroelement çatışmazlığına yol açır. Bu isə qastrit, öd daşı xəstəliyi və öd yollarının diskiniziyası riskini artırır.

Sinir və endokrin sistemləri də zərər görür. Pəhriz zamanı tez-tez müşahidə olunan “bir gün diyet, bir gün aşırı yemək” effektinə səbəb olan bu pozuntu nəticəsində orqanizm ac qalmaqdan sonra lazım olandan çox yeməyə meylli olur, bu da yağ kütləsinin sürətli artmasına gətirib çıxarır.

Lobkov qeyd edir ki, sağlam və təhlükəsiz çəki azalması həftədə 0,5–1 kq tempində olmalıdır. Bu, orqanizmin adaptasiyasına imkan verir, əzələ itkisini minimuma endirir və yan təsirlərin qarşısını alır.

Mütəxəssis əlavə edir ki, sərt kalori defisiti uzun müddətdə fayda vermir, əksinə ciddi zərər verə bilər. Pəhriz zamanı gündəlik kalori norması 15–20% dərəcədən artıq azaldılmamalıdır. Eyni zamanda, pəhrizə başlamazdan əvvəl qan analizi vermək – qlükoza, lipid profili, qalxanvari və cinsi hormonların səviyyəsini yoxlatmaq – xüsusilə qadınlar üçün tövsiyə olunur.