Türkiyəli dietoloq Bərna Ərtuğ qatığın faydalarından danışıb. Onun fikrincə, bu ağartı həzmi asanlaşdırır və bağırsaqların işləməsinə kömək edir. Tərkibindəki laktoza və probiotiklər sayəsində həzmlə yanaşı, orqanizmin immunitetini də dəstəkləyir. 

Qatıq tərkibindəki kalsium sayəsində sümük­ləri gücləndirir və qoruyur. Buna görə də osteo­porozun qarşısının alınmasında böyük rol oyna­yır. Kalsiumun ən mühüm funksiyası sümük və dişlərin sağlamlığını qorumaq və inkişafını təmin etməkdir. Odur ki, sürətli böyümə, hamiləlik və ana südü ilə qidalanma dövrlərində kalsiuma eh­tiyac daha da artır. Qatıq həm də fosforla zən­gindir. Fosfor isə hüceyrələrdə DNT və RNT mo­lekullarının əsas tikinti bloklarıdır. Hüceyrədəki bütün enerji dövranını təmin edir.

Qatıq bakteriyaları B1, B2, B3 vitaminlərini sintez edirlər. Bu vitaminlər bədəni dəri sağlam­lığında da dəstəkləyir. 200 qram, yəni bir kasa yarı yağlı qatıqda 36 faiz karbohidrat, 32 faiz zü­lal və 32 faiz yağ, orta hesabla 100 kalori var.

Dietoloq qeyd edib ki, qatıq günün hər satın­da istehlak edilə bilər: “Əsas yemək və ya qəlya­naltı kimi ona üstünlük vermək olar. Gündə ən azı bir kasa qatıq yeyin. Əgər başqa süd məhsul­ları yeyilmirsə, qatığın miqdarı artırılmalıdır. Gün ərzində süd və pendir istehlak edilirsə, gündə ən az bir kasa qatıq yemək kifayətdir”.