Qidalanmada kiçik dəyişikliklər sağlamlığa böyük təsir göstərə bilər. Foodinfo.az xəbər verir ki, “Gemotest” laboratoriyasının eksperti, qastroenteroloq Yekaterina Kaşux tam buğda unundan hazırlanan piroqları ən faydalı seçim adlandırıb.

Mütəxəssisin sözlərinə görə, belə piroqlar təkcə dadlı şirniyyat deyil, həm də lif, vitamin və yavaş mənimsənilən karbohidratların zəngin mənbəyidir. Bu isə həm həzm sistemi, həm də ümumi enerji balansı üçün olduqca önəmlidir.

Həkim bildirib ki, xüsusilə balqabaq, kabak, kök, ispanaq və soğandan hazırlanan tərəvəzli piroqlar sağlamlıq baxımından daha çox üstünlüyə malikdir. Onun sözlərinə görə, balqabaq A vitamininə çevrilən beta-karotinlə zəngindir və bu maddə görmə qabiliyyəti ilə yanaşı, immuniteti də gücləndirir.

Kabak və ispanaq isə lif, kalium və maqnezium baxımından dəyərlidir. Bu elementlər həzm sistemini yaxşılaşdırmaqla yanaşı, ürək-damar sağlamlığını da dəstəkləyir.

Kaşux əlavə edib ki, sağlam qidalanmaq istəyənlər şirniyyat seçərkən tərkibinə diqqət etməli, daha çox təbii məhsullara üstünlük verməlidirlər.