
Son illərdə sürətli arıqlamaq istəyən insanlar arasında pəhrizdə kalorilərin kəskin şəkildə azaldılması tendensiyası müşahidə olunur.
Foodinfo.az “Championat.ru” saytına istinadla xəbər verir ki, həkimlər və qidalanma üzrə mütəxəssislər belə yanaşmanın ciddi sağlamlıq problemlərinə səbəb ola biləcəyini bildiriblər.
Mütəxəssislərin sözlərinə görə, insan orqanizminin bazal metabolizm səviyyəsi (BMR) var ki, bu göstərici bədənin tam sakit vəziyyətdə belə əsas funksiyalarını yerinə yetirməsi üçün lazım olan enerji miqdarını ifadə edir. BMR-dən aşağı kalorili pəhrizlər qəbul edildikdə orqanizm zəruri enerji təminatından məhrum olur və bunun nəticəsində metabolizm kəskin şəkildə zəifləyir.
Endokrinoloqlar bildirirlər ki, belə pəhrizlər uzun müddət davam etdirildikdə əzələ kütləsinin itirilməsi, hormon balansının pozulması və sinir sistemində problemlər yarana bilər. Həkimlər həmçinin qanda şəkərin stabilliyinin pozulması, yorğunluq, diqqət zəifliyi və immun sisteminin zəifləməsi risklərinə də diqqət çəkirlər.
Qidalanma üzrə ekspertlər hesab edir ki, təhlükəsiz arıqlama yalnız mərhələli şəkildə mümkündür. Onların tövsiyəsinə görə, gündəlik kalori miqdarını birdən-birə 30-40 faiz azaltmaq olmaz. Ən optimal yanaşma ümumi sutkalıq kalorinin 10-15 faizini azaltmaqdır, daha çox arıqlamaq istəyənlər üçün isə maksimum 20-25 faiz civarı tövsiyə olunur.
Mütəxəssislər xəbərdarlıq edir ki, pəhriz planlaşdırarkən həkimlə məsləhətləşmək, qan analizlərini yoxlatmaq və bədənin real enerji tələbatını nəzərə almaq vacibdir. Əks halda, sürətli nəticə əldə etmək əvəzinə, sağlamlıqda ciddi fəsadlar yarana bilər.