Mütəxəssislər hesab edir ki, sağlamlıq üçün düzgün qidalanma yalnız mövsümə uyğun seçimlərlə məhdudlaşmamalıdır. Foodinfo.az xəbər verir ki, həkim-diyetoloq, tibb elmləri namizədi Andrey Bobrovski balanslı rasionun ilin bütün dövrlərində qorunmasının vacibliyini bildirib.

Onun sözlərinə görə, ilk növbədə transyağlardan uzaq durmaq lazımdır. Bu maddələr əsasən mağazalarda satılan hazır şirniyyatlarda və un məmulatlarında olur. Həmçinin sosiska, hisə verilmiş məhsullar kimi emal olunmuş qidaların istifadəsi minimuma endirilməlidir.

Bobrovski payız mövsümündə duz istehlakının azaldılmasını, həmçinin şəkər və qazlı içkilərin qəbulunun məhdudlaşdırılmasını tövsiyə edib.

Ekspert vurğulayıb ki, qidalanmada əsas diqqət “mövsümi pəhrizlərə” deyil, məhsulların keyfiyyətinə və menyunun müxtəlifliyinə yönəldilməlidir. Onun fikrincə, bu yanaşma həm immun sisteminin güclənməsinə, həm də orqanizmin uzunmüddətli sağlam qalmasına kömək edir.