Çəkisi normadan az olan insanlar tez-tez sıyıq, makaron, un məmulatları, meyvə, avokado, günəbaxan tumları və yağlı balıq yeməlidirlər. 

 Foodinfo.az xəbər verir ki, bu məsləhəti Gazeta.ru-ya müsahibəsində endokrinoloq və diyetoloq Armine Afonina verib.

Onun sözlərinə görə, bədən kütləsi çatışmazlığı diaqnozu bədən kütlə indeksi (BKİ) 18,5-dən az olduqda qoyulur. 

BKİ xüsusi düsturla hesablana bilər: çəki (kq) boyun (m) kvadratına bölünür. 

BKİ = Çəki (kq) / boy (m)2

Bunu edən xüsusi onlayn kalkulyatorlar da var. 

Həkim vurğulayıb ki, immunitetin azalmaması və iltihablı proseslərin tez-tez baş verməməsi üçün çəkini normada saxlamaq vacibdir.

Belə ki, bədən çəkisinin çatışmazlığı depressiya, sinir böhranı, əzələ zəifliyi və steroid hormonlarının istehsalının azalmasına səbəb ola bilər. Nəticədə, həm kişilərdə, həm də qadınlarda sonsuzluq yarana bilər. Bundan başqa, xroniki xəstəliklərin irəliləməsi, fosfor-kalsium mübadiləsinin pozulması, osteoporozun inkişafı, sümüklərin sınması təhlükəsi də mövcuddur.

Mütəxəssis bildirib ki, çəki azlığının əsas səbəbləri mədə-bağırsaq traktının və endokrin sisteminin xəstəlikləri, parazitlərin olması, kilokalorinin qəbulu və xərclənməsində tarazlığın pozulması, həmçinin psixoloji pozğunluqlardır. Afonina bu vəziyyətdə mütləq endokrinoloq və qastroenteroloqa müraciət etməyi məsləhət görüb.