Səhər qəhvəsini düzgün qaydada qəbul etmək həm enerji səviyyəsini artırır, həm də gün boyu özünü daha yaxşı hiss etməyə kömək edir. Bir çox insan günə qəhvə ilə başlasa da, bu vərdiş hər kəs üçün eyni dərəcədə faydalı olmaya bilər. Foodinfo.az aif.ru saytına istinadla xəbər verir ki, diyetoloq və nutrisioloq Sofiya Kovanova səhər qəhvəsinin necə içilməli olduğunu izah edib.
Onun sözlərinə görə, qəhvəni acqarına içmək yalnız mədə-bağırsaq sistemi ilə bağlı problemi olmayan insanlar üçün uyğundur. Qastrit, reflüks və ya turşuluğun yüksək olduğu hallarda isə belə vərdişdən uzaq durmaq tövsiyə edilir. Bu kimi hallarda yalnız qəhvə deyil, limonlu su kimi turş içkilər də mədəyə mənfi təsir göstərə bilər və narahatlıq yarada bilər.
Mütəxəssis qeyd edir ki, fizioloji baxımdan ən doğru seçim qəhvəni səhər yeməyindən sonra və ya ən azı yeməklə birlikdə qəbul etməkdir. Bundan əlavə, gündəlik qəhvə miqdarına da diqqət yetirilməlidir — optimal həcm 300-400 millilitrdən çox olmamalıdır. Əks halda, gözlənilən enerjidən çox, əsəbilik və narahatlıq hissi yarana bilər.
Eyni zamanda, qəhvənin günün hansı saatında içildiyi də böyük əhəmiyyət daşıyır. Axşam saatlarına yaxın qəbul edilən qəhvə yuxu keyfiyyətini poza bilər. Buna görə də mütəxəssislər son qəhvə fincanını yatmazdan ən azı altı saat əvvəl içməyi məsləhət görürlər.






