Adətən köp, qarında ağrılar, meteorizm kimi simptomlar həzm sistemində olan pozulmalarla əlaqələndirilir. Lakin bəzi hallarda köp digər, həzm sistemi ilə bağlı olmayan xəstəliklərin simptomu kimi meydana çıxır. Bu xəstəliklərdən biri yumurtalıq xərçəngidir. Yumurtalıq xərçəngi qadınlar arasında ən çox yayılmış xərçəng növlərindən biridir. Digər qadın cinsiyyət sistemi xərçəng xəstəlikləri ilə müqayisədə (uşaqlıq xərçəngi, uşaqlıq boynu xərçəngi) məhz yumurtalıq xərçəngi ən ağır sayılır və daha tez-tez ölümə səbəb olur. Xəstəliyin erkan aşkar olunması çox vacibdir ki, bu halda sağalma ehtimalı daha yüksək olur. Təəssüf ki, bir çox digər xərçəng xəstəlikləri kimi yumurtalıq xərçəngi də ilk mərhələlərdə özünü çox cüzi simptomlarla büruzə verir. Bu simptomlar arasında: - qarında tez-tez köp və ağırlıq hissinin əmələ gəlməsi - tezləşmiş sidik ifrazı - menstruasiya ilə bağlı olmayan qanlı ifrazatlar - cinsi əlaqə zamanı ağrılar - qəbizlik və ishalın növbələşməsi - bel nahiyəsində ağrılar - ürəkbulanması və s. (Saglamolun.az)