Kəsim məntəqəsində qablaşdırma həyata keçirilən otaqlarda “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yoxlamadan keçmiş termometr olmalı, temperatur rejiminə daim nəzarət edilməli və bununla bağlı temperatur cədvəlində qeydlər aparılmalıdır.

Foodinfo.az xəbər verir ki, kəsim məntəqəsində ət doğranması və qablaşdırılması bölməsində temperatur +10 ÷ +12 °C dərəcədən çox olmamalıdır. Bu barədə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin müvafiq qərarı ilə təsdiq edilən “Heyvan və quş kəsimi məntəqələrinə dair baytarlıq-sanitariya normaları və qaydaları”nda bildirilir. Həmçinin sənədə əsasən, heyvan mənşəli qida məhsulları su keçirməyən, paslanmayan, asan yuyula və dezinfeksiya edilə bilən qablarda saxlanmalı və daşınmalıdır. Sub məhsullar (dil, böyrəklər, beyin, ürək, qaraciyər, ağciyər, işgənbə, kitabça, dalaq, diafraqma, ətraflar, quyruq, yelin, pətənək və s.) yalnız qablaşdırılmış və bir-birindən təcrid olunmuş halda eyni soyuducuda və dondurucularda saxlanıla bilər. 

Qeyd edək ki, iri və xırdabuynuzlu heyvanların kəsim məntəqələrində ət doğranması və qablaşdırılması bölməsində heyvan cəmdəklərinin və sub məhsullarının ayrı-ayrı hissələrə bölünməsi, doğranması və qablaşdırılması həyata keçirilir. Quş kəsimi məntəqələrində isə bu bölmədə kəsilən quş cəmdəklərinin ayrı-ayrı hissələrə bölünməsi və qablaşdırılması aparılır.