Qida təhlükəsizliyi sahəsində laboratoriya sisteminin inkişafı ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) nəzdində fəaliyyət göstərən laboratoriyaların maddi-texniki bazasının gücləndirilməsi və modernləşdirilməsi istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirilir. Həmçinin laboratoriyalarda qabaqcıl texnologiyaların tətbiqi, səriştəliliyin artırılması üçün kadrların təlimlərdə və beynəlxalq laboratoriyalararası səriştəlilik sınaqlarında iştirakı təmin edilir.

 AQTİ-dən Foodinfo.az-a verilən məlumata görə, həyata keçirilən tədbirlər çərçivəsində AQTİ-nin bitki sağlamlığı istiqamətində fəaliyyət göstərən Mərkəzi Fitosanitar Laboratoriyası, həmçinin bu laboratoriyanın Meyvəli Karantin Ekspertiza bölməsi, eləcə də Tovuz Regional Sınaq Laboratoriyası və Xaçmaz Regional Sınaq Laboratoriyası Rusiya Federasiyasının "Ümumrusiya Bitki Karantini Mərkəzi" Federal Dövlət Büdcə Təşkilatı tərəfindən təşkil olunan laboratoriyalararası səriştəlilik sınaqlarına qatılaraq uğurlu nəticələr əldə edib. Belə ki, Mərkəzi Fitosanitar Laboratoriya tərəfindən karantin tətbiq olunan zərərli orqanizmlərdən qəhvəyi mərmər bağacığı, pomidor lağımlayıcı güvəsi, Aralıq dənizi meyvə milçəyi və Asiya giləmeyvə drozofilası zərərvericilərinin, alaq otlarından isə tikanlı quşüzümü növlərinin diaqnostikası morfoloji metodla, fitopatogen viruslardan şarka virusunun, bakteriya mənşəli bitki xəstəliklərindən üzümün bakteriozu (Pirs xəstəliyi), meyvə ağaclarının yanığı və göbələk mənşəli qonur monilioz çürümənin diaqnostikası isə molekulyar səviyyədə real zamanda PZR müayinə metodu ilə aparılıb. Tovuz Regional Sınaq Laboratoriyasında karantin tətbiq olunan zərərvericilərdən pomidor lağımlayıcı güvəsi, Xaçmaz Regional Sınaq Laboratoriyasında və Meyvəli Karantin Ekspertiza bölməsində isə karantin tətbiq edilən qəhvəyi mərmər bağacığı və pomidor lağımlayıcı güvəsi növlərinin diaqnostikası morfoloji metodla həyata keçirilib. Bütün sınaq nəticələrində 100% dəqiqlik əldə edilib. 

Qeyd edək ki, Mərkəzi Fitosanitar Laboratoriya bundan əvvəl də "Ümumrusiya Bitki Karantini Mərkəzi" Federal Dövlət Büdcə Təşkilatı tərəfindən təşkil olunan laboratoriyalararası səriştəlilik sınaqlarında dörd orqanizm üzrə 100% dəqiqlik əldə edib.

Onu da bildirək ki, Azərbaycanda istehsal olunan bitkiçilik məhsulları əsasən Rusiyaya ixrac edildiyi üçün laboratoriyaların bu uğuru ölkəmizin ixrac potensialının yüksəlməsində mühüm rol oynayacaq. Bölgələrdə fəaliyyət göstərən Tovuz və Xaçmaz Regional Sınaq Laboratoriyaları ilə Meyvəli Karantin Ekspertiza bölməsinin bu nəticələri isə həm də regional laboratoriyaların səviyyəsinin yüksək olduğunu göstərir.