İyulun 9-da Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə Agentliyin fəaliyyətə başlamasının 1 ilinin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib. Foodinfo.az xəbər verir ki, konfransı giriş sözü ilə açan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bu müddət ərzində sahibkarlıq subyektlərinin qeydiyyatı və dövlət reyestrinin aparılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, kadr potensialının inkişaf etdirilməsi, maddi-texniki bazanın formalaşdırılması, yoxlama, nəzarət və digər səlahiyyətlərin icrası ilə əlaqədar həyata keçirilən tədbirlərlə bağlı məlumat verib. Agentlik sədri bildirib ki, ötən 1 ildə qida təhlükəsizliyi sisteminin hüquqi bazasının formalaşdırılması məqsədilə beynəlxalq təcrübə nəzərə alınmaqla, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanun layihəsi hazırlanıb və aidiyyəti dövlət orqanlarının rəy və təklifləri, eləcə də beynəlxalq təşkilatların ekspertlərinin tövsiyələri nəzərə alınmaqla təkmilləşdirilib. Bundan əlavə, ölkədə qida təhlükəsizliyi sisteminin institusional olaraq formalaşdırılması məqsədilə uzunmüddətli dövrdə həyata keçiriləcək tədbirləri özündə ehtiva edən “Qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı” hazırlanıb və Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilib. Sanitar, fitosanitar və baytarlıq normaların beynəlxalq tələblərə uyğunlaşdırılması istiqamətində də işlərə başlanıb. Enerji içkilərinin insan həyatı və sağlamlığı üçün təhlükəsizliyinin, istehlakçıların hüquqlarının müdafiəsinin təmin edilməsi məqsədilə “Enerji içkilərinə dair sanitariya norma və qaydaları” hazırlanıb və təsdiq edilib. Qida təhlükəsizliyi sahəsində xarici ölkələrlə və beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələrini daha da inkişaf etdirmək, bu sahəyə ictimaiyyətin diqqətini artırmaq məqsədilə cari ilin 17 may tarixində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən 25 ölkənin nümayəndələri daxil olmaqla, 250-dən artıq rəsmi qonağın iştirak etdiyi II Bakı Beynəlxalq Qida Təhlükəsizliyi Konfransı keçirilib. Q. Təhməzli qida təhlükəsizliyinin təmin olunmasında xüsusi əhəmiyyətə malik olan laboratoriya infrastrukturunun yaradılması üçün qısa müddət ərzində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun bazasında ən müasir tələblərə cavab verən 21 laboratoriyanın yaradıldığını qeyd edib.. Regionlarda coğrafi yerləşmə və məhsul spesifikasiyası nəzərə alınaraq yaradılmış yeni laboratoriyalarda, yerli sakinlər arasından seçilmiş potensiallı kadrlar təlimə cəlb edilərək, müvafiq işlə təmin olunub. Qeyd olunub ki, Agentliyin səlahiyyətlərinin icrasına başladığı tarixdən etibarən 1003 nömrəli “Çağrı Mərkəzi”nə vətəndaşlar tərəfindən istehlakçı hüquqlarının pozulması və digər xarakterli ümumilikdə 17 241 müraciət daxil olub. Onlardan 359-u qida zəhərlənmələri ilə bağlı şikayətlər olub. Agentliyin əməkdaşları tərəfindən operativ qaydada aparılan araşdırmalar nəticəsində 167 qida zəhərlənməsi faktı öz kliniki təsdiqini tapıb, 403 nəfərin qida zəhərlənməsinə məruz qaldığı müəyyən edilib. Zərərçəkənlərdən 2-si vəfat edib. Qida təhlükəsizliyi nəzarəti sahəsində Agentlik tərəfindən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən çıxarış alınmaqla 277 planlı, 302 plandankənar (növbədənkənar) olmaqla ümumilikdə 579 yoxlama aparılıb və 390 iş üzrə inzibati tənbehvermə haqqında qərar qəbul edilib. İnzibati tənbehvermə haqqında qərarlardan 5-i şərti cərimə, 22-i xəbərdarlıq, 363-ü isə inzibati qaydada cərimə edilməsi barədə qəbul olunmuş və 9850 AZN-i şərti cərimə olmaqla, ümumilikdə 280100 AZN cərimə tətbiq olunub. Agentlik tərəfindən idxal və ixrac əməliyyatları zamanı 63926 fitosanitar sertifikat və icazə sənədi, 20830 qida təhlükəsizliyi sertifikatı, 12989 baytarlıq sertifikatı və digər icazə sənədləri verilib. Planlı və plandankənar yoxlamaların statistikasına əsasən, sözügedən dövrdə ölkə ərazisində ümumilikdə 743 sayda planlı və plandankənar yoxlamalar həyata keçirilib. Agentliyin fəaliyyət göstərdiyi 1 il ərzində ixrac zamanı aparılan nəzarət tədbirləri hesabına məhsulların idxalçı ölkələr tərəfindən imtina halları əhəmiyyətli dərəcədə azalıb, fındıq məhsullarının Avropa İttifaqı tərəfindən 7 dəfə idxaldan imtina halı müşahidə edilib. Halbuki 2017-ci ilin yanvar ayından Agentliyin fəaliyyətə başladığı tarixədək müddətdə bu cür imtina hallarının sayı 36 idi. Aparılmış yoxlamalar nəticəsində Agentlik tərəfindən istehlak üçün yararsız 127821 kq qida məhsulu və 3620 litr spirtsiz içki məhv edilib, 96177 kq məhsul zərərsizləşdirilib və 1500 ton taxılın geri qaytarılması haqqında qərar qəbul edilib. Agentlik tərəfindən həyata keçirilən yoxlamalar zamanı insan həyatı və ya sağlamlığına ciddi təhlükə yaradan qanun pozuntuları ilə bağlı 134 təsərrüfat subyekti haqqında 140 məhdudlaşdırıcı tədbirin tətbiqi barədə qərar qəbul edilib. Agentlik sədri qeyd edib ki, sahibkarların yeni qida təhlükəsizliyi sistemi barədə məlumatlandırılması və tərəfdaşlıq prinsipi əsasında onlarla əməkdaşlığın qurulması məqsədilə bir sıra biznes assosiasiyaları, ticarət palataları ilə birlikdə 53 tədbir təşkil edilib, 3000-dən çox sahibkarla görüşlər keçirilib. Ötən müddətdə karantin tətbiq edilən zərərli orqanizmlərin təhlükəliliyi nəzərə alınaraq 400 ton kartof və kivi məhsulları İran İslam Respublikasına və Gürcüstan Respublikasına geri qaytarılıb. Həmçinin aşkar olunan karantin tətbiq edilən zərərli orqanizmin təhlükəliliyi nəzərə alınaraq 255.9 ton məhsul məhv edilib və 390 nəqliyyat vasitəsi, habelə 838.092 ton və 187164 m3 məhsul müxtəlif üsullarla zərərsizləşdirilib. Q. Təhməzli bildirib ki, baytarlıq nəzarəti sahəsində Agentlik tərəfindən ümumilikdə 124 yoxlama aparılıb və 54 inzibati tənbeh vermə haqqında qərar qəbul edilib. İnzibati tənbeh vermə haqqında qərarlardan 8-i xəbərdarlıq, 46-sı inzibati qaydada cərimə edilməsi barədə qəbul olunmuş və cəmi 15500 AZN cərimə tətbiq edilib. Baytarlıq nəzarəti tədbirləri nəticəsində, baytarlıq müfəttişləri tərəfindən müvafiq nöqsanların aradan qaldırılması ilə bağlı ölkə üzrə ümumilikdə, 46187.5 kq ət və ət məhsulları məhv edilib və idxal edilmiş 58200 kq məhsul isə ixracatçı ölkəyə geriyə qaytarılıb. Agentlik tərəfindən Daxili İşlər Nazirliyi əməkdaşlarının köməyilə keçirilmiş əməliyyat tədbirləri nəticəsində mikrobioloji və orqanoleptik cəhətdən qüvvədə olan normativ-texniki sənədlərin tələblərinə cavab verməyən 5947 kq ət aşkar olunub. Agentliyin fəaliyyət göstərdiyi dövrdə 112 sahibkardan 893 baytarlıq preparatının qeydiyyata alınması üçün 264 müraciət daxil olub. Müraciətlər üzrə 243 baytarlıq preparatının, 42 yem və 51 yem əlavəsinin sınaq təcrübələri başa çataraq qeydiyyata götürülüb, 545 məhsulun sınaq prosesi hazırda davam etdirilməkdədir, 12 adda baytarlıq preparatının qeydiyyatı isə dayandırılıb. Nəzarət tədbirləri çərçivəsində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Milli İstinad Laboratoriyası və regional sınaq laboratoriyalarında patoloji material nümunələrinin ekspertizası həyata keçirilib və aparılmış təhlillər nəticəsində 4218 (4%) halda infeksion və invazion xəstəliklər aşkar edilib. Laboratoriya müayinələrinin nəticələrinə görə 1958 halda invazion xəstəliklər, 1562 halda brusellyoz, 225 halda xlamidioz, 287 halda pasterellyoz və 67 halda quduzluq xəstəlikləri aşkarlanıb. Fitosanitar nəzarəti sahəsində pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət sınağının aparılması, qeydiyyata alınması və istifadəsinə operativ nəzarətin təmin olunması üçün Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Səhiyyə Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin və Agentliyin mütəxəssislərindən ibarət Ekspert Şurası və İnventarlaşdırma Komissiyası yaradılıb. Agentlik sədri hesabat dövründə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun nəzdində fəaliyyət göstərən laboratoriyalara ümumilikdə 29263 müraciət daxil olduğunu vurğulayıb. Müraciətlərə əsasən ümumilikdə 848046 nümunə müayinələrə cəlb edilib. Bunlardan 61120 ədədi idxal, 548274 ədədi ixrac, 45748 ədədi aparılmış monitorinqlər, 40288 ədədi fərdi istək, 216 ədədi şikayət və 152400 ədədi digər növ əməliyyatlar üzrə daxil olmuş nümunələrdir. Bioloji fəallığa malik qida əlavələrinə nəzarət məqsədilə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən çıxarış almaqla 22 təsərrüfat subyektində yoxlamalar aparılıb. Yoxlamalar nəticəsində 9 sahibkarlıq subyektinə 16000 AZN cərimə tətbiq edilib, 14 inzibati xəta haqqında protokol tərtib olunub və 21 adda məhsul dövriyyədən çıxarılıb. Ölkəyə “bioloji fəallığa malik qida əlavəsi” adı altında idxalı nəzərdə tutulan, lakin Səhiyyə Nazirliyinin rəyi əsasında dərman vasitəsi olduğu aşkarlanmış 50 adda, həmçinin təhlükəsizlik tələblərinə cavab verməyən 15 adda məhsulun idxalı, istehsalı və dövriyyəsinin qadağan edilməsi ilə bağlı qərar qəbul edilib. Q. Təhməzli görülməsi nəzərdə tutulan, həyata keçirilməsi planlaşdırılan işlər barədə də məlumat verib. Sonda media nümayəndələrinin sualları cavablandırılıb. На данном изображении может находиться: 2 человека На данном изображении может находиться: 2 человека, в помещении На данном изображении может находиться: 4 человека, люди сидят На данном изображении может находиться: 1 человек На данном изображении может находиться: обувь На данном изображении может находиться: 4 человека, люди сидят На данном изображении может находиться: один или несколько человек, экран, стол, ребенок и в помещении