Un məmulatlarına meyl bir çox hallarda orqanizmin müəyyən qida maddələrinə olan ehtiyacından irəli gəlir. Çörək və digər unlu məhsullar əsas enerji mənbəyi sayılan karbohidratlarla zəngin olduğu üçün gündəlik qidalanmada geniş istifadə olunur. Foodinfo.az Kleo-ya istinadla xəbər verir ki, orqanizm enerji çatışmazlığı hiss etdikdə instinktiv olaraq unlu qidalara üstünlük verir. Bundan əlavə, bu məhsullar rahatlıq və məmnunluq hissi yaradaraq insanın əhvalına müsbət təsir göstərə bilir. Unlu yeməklərin serotonin ifrazını artırması da onların daha çox arzu olunmasının əsas səbəblərindən biri hesab olunur.
Son illər sağlam həyat tərzinə marağın artması un məmulatlarına alternativ məhsulların axtarışını da gücləndirib. Mütəxəssislər kəpək və tam taxılları daha faydalı seçim kimi tövsiyə edirlər. Qarabaşaq və yulaf liflə zəngin olduğu üçün həzmi yaxşılaşdırır və uzun müddət toxluq hissi yaradır. Bu məhsullar həm enerji verir, həm də qan şəkərinin kəskin dəyişməsinin qarşısını almağa kömək edir.
Unlu qidaların əvəzinə paxlalılar və kinoa da rasiona daxil edilə bilər. Mərcimək, noxud və lobya zülal və mikroelementlərlə zəngin olmaqla yanaşı, ürək-damar sağlamlığı üçün də faydalı sayılır. Kinoa isə tərkibindəki amin turşuları, lif və dəmir sayəsində balanslı qidalanmaya töhfə verir. Mütəxəssislərin fikrincə, un məmulatlarının azaldılması ümumi sağlamlığın qorunması və daha stabil enerji səviyyəsi üçün düzgün seçimdir.






