Qadınların orqanizmi hormonal dəyişikliklərə, stressə, doğuşa, klimaks dövrünə və müxtəlif dövri pozğunluqlara qarşı həssasdır. Bu səbəbdən qadın sağlamlığını qorumaq üçün balanslı qidalanma və həyat tərzi vacibdir. Ancaq təbiətdə elə bitkilər var ki, onlar qadın bədəni üçün xüsusi dəstək rolunu oynayır, hormonları tarazlayır, immuniteti və enerjini artırır.

Foodinfo.az qadın sağlamlığını gücləndirən ən faydalı bitkiləri təqdim edir:

1. Çobanyastığı 

Stress, yuxusuzluq və aybaşı ağrılarını yüngülləşdirir. Rahatladıcı təsiri ilə əsəbi gərginlik və baş ağrıları üçün idealdır.

2. Qaraçörəkotu

Hormonal tarazlığı dəstəkləyir. Polikistik yumurtalıq sindromu (PKOS) və aybaşı nizamsızlığı olan qadınlara faydalıdır. İmmuniteti və dərini gücləndirir.

3. Adaçayı

Klimaks (menopauza) dövründə yaranan isti basmalar, tərləmə və gərginlik üçün faydalıdır. Həddindən artıq tərləməni azaldır. Aybaşı öncəsi sinir dəyişikliklərini tənzimləyir.

Hamilə qadınlar üçün tövsiyə edilmir.

4. Zəncəfil

Aybaşı zamanı yaranan ağrı və sancıları azaldır. Qan dövranını gücləndirir, iltihab əleyhinə təsiri var. Hamiləlikdə bulantıya qarşı faydalıdır (həkim məsləhəti ilə).

5. İtburnu 

C vitamini ilə zəngin olduğundan immun sistemini gücləndirir. Hamiləlik və aybaşı dövrlərində dəmirin sorulmasına dəstək verir. Dəri və bağ toxumalarının möhkəmlənməsinə kömək edir.

6. Kətan toxumu

Tərkibindəki təbii bitki estrogenləri (lignanlar) ilə hormon balansına dəstək verir. Sümük sağlamlığını qoruyur. Klimaks dövründə yaranan dəyişiklikləri yüngülləşdirir.

7. Yarpız və nanə

PKOS zamanı yüksək androgenləri tarazlayır. Həzmə kömək edir, şişkinlik və qaz problemini azaldır. Rahatladıcı və xoş ətirlidir.

Bu bitkilər çay, ədviyyat, yağ və ya kapsul formasında istifadə edilə bilər. Ancaq dozaya diqqət edilməlidir. Daimi xəstəlik və ya hamiləlik varsa, həkim məsləhəti ilə istifadə olunmalıdır.