
Carnivore pəhrizi (ətyeyən pəhrizi) yalnız heyvansal məhsullarla qidalanmanı əsas alan bir pəhriz növüdür. Bu pəhrizdə tərəvəz, meyvə, taxıl, paxlalılar, şəkər və digər bitki mənşəli qidalar tamamilə qadağandır. Qidalanma yalnız ətlə, balıqla, yumurta ilə və bəzi hallarda süd məhsulları ilə aparılır.
Foodinfo.az xəbər verir ki, bu pəhrizin əsas məqsədi bədəni karbohidratlardan tamamilə uzaqlaşdırmaq və yalnız zülal və yağla enerji təmin etməkdir. Carnivoreda qəbul edilən qidalar əsasən qırmızı ət, toyuq, balıq, daxili orqan ətləri (qaraciyər, ürək və s.), yumurta və bəzi hallarda kərə yağı və pendir kimi süd məhsullarıdır.
Ətyeyən pəhriz tərəfdarları bu qidalanma tərzinin çəki atmağa, insulin səviyyəsini tənzimləməyə, iltihabı azaltmağa və enerjini artırmağa kömək etdiyini bildirirlər.
Lakin bu pəhriz uzunmüddətli istifadədə bəzi risklər daşıya bilər. Bitki mənşəli qidaların olmaması səbəbilə lif, C vitamini, antioksidantlar və digər vacib mikroelementlərin çatışmazlığı yarana bilər.
Həkimlə məsləhətləşmədən bu cür sərt pəhriz rejiminə başlamaq tövsiyə edilmir, çünki hər bədənin ehtiyacları və sağlamlıq vəziyyəti fərqlidir.