İdmanla məşğul olanlar və arıqlamaq istəyənlər zülal tozlarına tez-tez müraciət edirlər. Foodinfo.az bildirir ki, bu tozlar bədənin əzələ kütləsini artırmaq üçün istifadə olunsa da, onların təhlükəsizliyi ilə bağlı mübahisəli fikirlər var. Zülal tozlarının tərkibində bəzən ağır metallar, hormonlar və süni dadlandırıcılar aşkar edilir.

Bəzi hallarda isə tərkibdəki maddələr böyrək və qaraciyərə əlavə yük yaradır. Xüsusilə yüksək miqdarda istehlak edildikdə, bu tozlar bədənin azot balansını poza və sidik sistemi üzərində təzyiqi artıra bilər. Zülal tozlarının çoxunda şirinləşdirici kimi istifadə edilən aspartam və sukraloz kimi maddələr metabolik problemlərə səbəb ola bilər. Bundan əlavə, bəzi məhsullarda E-nömrəli qatqı maddələrinin olması onları tamamilə təbii olmamaqla yanaşı, allergik reaksiyalara da yol aça bilər.

Ən təhlükəli hallardan biri isə keyfiyyətsiz və nəzarətsiz istehsal edilən məhsulların geniş yayılmasıdır. Belə əlavələrin qəbulu orqanizmdə hormonal disbalansa və mədə-bağırsaq problemlərinə gətirib çıxara bilər. Mütəxəssislər qeyd edir ki, zülalın ən sağlam mənbəyi təbii qidalardır və tozlara yalnız ehtiyac olduqda müraciət edilməlidir. Nəticə olaraq, zülal tozları düzgün istifadə edilməzsə, faydadan çox zərər verə bilər.