Kotlet hazırlayarkən ən çox rast gəlinən problemlərdən biri onun quru və sərt alınmasıdır. Mətbəx mütəxəssisləri bildirirlər ki, düzgün seçilmiş inqrediyentlər kotletlərin həm daha yumşaq, həm də daha şirəli olmasına kömək edir. Bunun üçün qiymənin tərkibinə bəzi sadə əlavələr etmək kifayətdir.
Foodinfo.az BB.LV saytına istinadla xəbər verir ki, kotletlərin qurumasının qarşısını almaq üçün ilk növbədə qiymənin tərkibinə diqqət yetirmək lazımdır. Xüsusilə soğan və yumurta ağı bu baxımdan ən faydalı əlavələr hesab olunur.
Soğan uzun illərdir kotlet reseptlərinin ayrılmaz hissəsi sayılır. O, ətə əlavə rütubət verməklə yanaşı, yeməyin dadını da zənginləşdirir. Mütəxəssislər qiymədə soğanın payının ümumi kütlənin təxminən 10 faizi qədər olmasını məsləhət görürlər.
Soğanın iri hissələrinin görünməsini istəməyənlər onu qiymə ilə birlikdə ətçəkən maşından keçirə və ya blenderdə püre halına sala bilərlər. Bu üsul xüsusilə uşaqlar üçün hazırlanan kotletlərdə faydalı hesab edilir. Belə olduqda soğanın dadı hiss olunmur, lakin onun verdiyi şirəlilik qorunub saxlanılır.
Digər vacib məqam yumurtadan istifadə qaydasıdır. Bir çox evdar qadın kotlet hazırlayarkən bütöv yumurta əlavə edir. Lakin bəzi hallarda yumurtanın sarısı ətin daha sıx və sərt olmasına səbəb ola bilər.
Buna görə aşpazlar yalnız yumurta ağından istifadə etməyi tövsiyə edirlər. Toyuq yumurtasının ağı ət liflərini yumşaldır və kotletlərin daha zərif tekstura almasına kömək edir. Nəticədə yemək həm daha yumşaq, həm də daha şirəli olur.
Bununla yanaşı, qiymənin həddindən artıq yoğrulmaması da vacibdir. Uzun müddət qarışdırılan qiymə bişmə zamanı daha sıx quruluşa malik olur. Kotletlərin yumşaq qalması üçün inqrediyentlər birləşənədək qarışdırmaq kifayətdir.
Amerikalı kulinariya eksperti J. Kenji López-Alt bildirir ki, kotlet və digər qiymə məhsullarının şirəli alınmasının əsas şərti ətin nəmini qorumaqdır. Onun sözlərinə görə, soğan kimi su tərkibli məhsullar və düzgün bişirmə texnikası nəticəyə ciddi təsir göstərir.
Mütəxəssislər həmçinin kotletləri çox yüksək temperaturda və uzun müddət bişirməməyi məsləhət görürlər. Düzgün hazırlanmış qiymə və optimal bişirmə vaxtı sayəsində ev şəraitində də restoran səviyyəsində şirəli kotlet əldə etmək mümkündür.






