Evdə hazırlanan piroqlar çay süfrələrinin və ailə görüşlərinin ən sevilən təamlarından hesab olunur. Lakin bəzən bütün səylərə baxmayaraq piroqlar gözlənilən qədər yumşaq və dadlı alınmır. Foodinfo.az BB.LV saytına istinadla xəbər verir ki, kulinariya mütəxəssisləri piroqların quru və sərt alınmasına səbəb olan ən geniş yayılmış səhvləri sadalayıblar. Onların fikrincə, sadə görünən bu yanlışlıqlar son nəticəyə ciddi təsir göstərir.

Mütəxəssislərin sözlərinə görə, ilk növbədə reseptdə göstərilən inqrediyentlərin miqdarına ciddi əməl olunmalıdır. Bəzi evdar qadınlar xəmirin daha elastik olması üçün normadan artıq yumurta əlavə edirlər. Lakin bu, əks nəticə verərək piroqların sərtləşməsinə və qurumasına səbəb ola bilər. Buna görə də inqrediyentlərin nisbəti düzgün qorunmalıdır.

Digər vacib məqamlardan biri unun ələnməsidir. Kulinariya üzrə ekspertlər bildirirlər ki, ələnmiş un xəmirin daha havalı və yumşaq alınmasına kömək edir. Bundan əlavə, maya məhsullarının təzə və keyfiyyətli olması da xüsusi əhəmiyyət daşıyır. Köhnə və ya keyfiyyətsiz maya xəmirin lazımi şəkildə qalxmasına mane olur və nəticədə bişmiş məhsulun teksturası pisləşir.

Mütəxəssislər vurğulayırlar ki, maya əlavə edildikdən sonra xəmirə kifayət qədər vaxt verilməlidir. Xəmirin qalxma mərhələsini sürətləndirməyə çalışmaq və ya onu vaxtından əvvəl formaya salmaq düzgün hesab edilmir. Xəmir lazımi həcmdə qalxdıqdan sonra onun strukturu daha yaxşı formalaşır və bişdikdən sonra yumşaqlığını saxlayır.

Bundan başqa, xəmir yaxşı yoğrulmalıdır. Əllərə yapışan və tam qarışdırılmamış xəmir piroqların keyfiyyətinə mənfi təsir göstərə bilər. Ekspertlər qeyd edirlər ki, xəmir hamar və elastik vəziyyətə gələnə qədər yoğrulduqdan sonra piroqların formalaşdırılmasına başlamaq lazımdır. Bu qaydalara əməl etmək ev şəraitində hazırlanan piroqların daha yumşaq, dadlı və iştahaçan alınmasına kömək edir.