
Endokrinoloq, tibb elmləri doktoru Zuxra Pavlova yağlı qidaların insan sağlamlığına təsiri barədə danışıb. Foodinfo.az xəbər verir ki, o, Kp.ru-ya verdiyi açıqlamada yağlı qidaların immun sistemini mənfi təsirlərlə üz-üzə qoyduğunu bildirib.
Mütəxəssis qeyd edib ki, fast food, pizza və qızardılmış toyuq kimi yağlı məhsulların müntəzəm və həddindən artıq istehlakı orqanizmi daimi stress vəziyyətində saxlayır. Bu isə immun sisteminin yorulmasına və funksiyalarının zəifləməsinə gətirib çıxarır.
Pavlova vurğulayıb ki, belə qidalanma orqanizmdə iltihabi proseslərin aktivləşməsinə səbəb olur və nəticədə bir çox xəstəliklər üçün zəmin yaranır. Onun sözlərinə görə, bu hal xüsusilə şəkərli diabet, ateroskleroz və bəzi autoimmun xəstəliklərin inkişaf riskini artırır.
Ekspert balanslı və düzgün qidalanmanın, eləcə də yağlı və zərərli məhsullardan uzaq durmağın immunitetin qorunmasında mühüm rol oynadığını bildirib. O, həmçinin yağ qəbulunda normaya riayət etməyin vacibliyini vurğulayıb.