Şabalıd həm dadlı, həm də sağlamlıq baxımından çox faydalı bir qidadır. Xüsusilə qış aylarında çox istehlak olunur və bədəni gücləndirən, immun sistemini dəstəkləyən təbii enerji mənbəyidir. Qovrulmuş, qaynadılmış və ya püre şəklində istifadə edilir.

Foodinfo.az şabalıdın əsas faydalarını təqdim edir:

- Şabalıd karbohidratla zəngin olduğu üçün orqanizmə tez enerji verir. Bu, fiziki və zehni yorğunluqla mübarizədə kömək edir, xüsusilə uşaqlar, yaşlılar və idmançılar üçün faydalıdır.

- Tərkibindəki C vitamini, B qrupu vitaminləri, mis və maqnezium sayəsində orqanizmi infeksiyalardan qoruyur və xəstəliklərə qarşı müqaviməti artırır.

- Liflə zəngindir, bu da bağırsaqların sağlam işləməsinə kömək edir, qəbizliyin qarşısını alır və bağırsaq florasını dəstəkləyir.

- İçərisindəki kalium qan damarlarını genişləndirərək qan təzyiqini tənzimləyir və ürək-damar sağlamlığını qoruyur.

- Fol turşusu və dəmir ilə zəngin olduğu üçün qan hüceyrələrinin yaranmasını dəstəkləyir və anemiya (qan azlığı) ilə mübarizədə faydalıdır.

- Şabalıddakı kalsium, maqnezium və fosfor sümük toxumasının möhkəmlənməsinə kömək edir. Uşaqların inkişaf dövründə və yaşlılarda sümük əriməsinin qarşısını almaq üçün çox yaxşı seçimdir.

- Nisbi olaraq aşağı qlikemik indeksə malikdir, yəni qan şəkərini yavaş-yavaş yüksəldir. Bu, diabet riski olanlar üçün daha təhlükəsiz enerji mənbəyidir (miqdara diqqət yetirilməlidir).

- Antioksidantlar və E vitamini sayəsində dəri hüceyrələrini yeniləyir, saçların tökülməsinin qarşısını alır və ümumi dəri sağlamlığına müsbət təsir göstərir.

Şabalıd kalorili qida olduğundan ölçüyə nəzarət vacibdir. Çiy halda yeyilməsi tövsiyə olunmur, çünki bəzi insanlarda həzm problemi və ya allergiya yarada bilər.