Qəhvə milyonlarla insanın gündəlik vərdişidir. Foodinfo.az bildirir ki, bu barədə dietoloq Aleksandr Andreyev “Gazeta.ru” saytına danışıb. Onun sözlərinə görə, gündə 2-3 fincan qəhvə orqanizmə fayda verə bilər. Qəhvədəki antioksidantlar və kofein ürək-damar sistemi üçün müəyyən qoruyucu təsirə malikdir.

Andreyev qeyd edir ki, orta dozada qəbul mərkəzi sinir sistemini stimullaşdırır və əhvalı yaxşılaşdırır. Lakin artıq miqdar yuxu pozuntusu, əsəbilik və hətta aritmiya yarada bilər. Hamilə qadınlara və hipertoniya xəstələrinə qəhvə istehlakı məhdudlaşdırılmalıdır. Araşdırmalar göstərir ki, tünd qəhvə mədə turşuluğunu artıra bilər.

Mütəxəssis kofeinsiz və ya az kofeinli variantların da faydalı ola biləcəyini vurğulayıb. Qəhvəyə əlavə olunan şəkər və süni şirələr isə bu faydanı azalda bilər. Andreyev təmiz, südsüz və şəkərsiz qəhvəyə üstünlük verilməsini məsləhət görür. O bildirir ki, əsas məsələ balans və fərdi dözümlülükdür.