Axşam saatlarında yemək vərdişi bir çox insan üçün mübahisəli mövzudur. Foodinfo.az bildirir ki, bu barədə endokrinoloq və metabolizma üzrə mütəxəssis Yuliya Sergeyeva “MedPortal”a danışıb. Onun sözlərinə görə, gecə yeməklərinin zərərli olub-olmaması qəbul edilən qidanın növü və miqdarından asılıdır.

Sergeyeva qeyd edir ki, yüngül, az yağlı və zülal əsaslı yeməklər yuxuya və həzmə mane olmur. Lakin yağlı, karbonhidratla zəngin və şirin qidalar orqanizmin bərpa prosesinə əngəl yaradır. Tədqiqatlar göstərir ki, yuxudan bir-iki saat əvvəl yeyilən yüksək kalorili qidalar piylənmə riskini artırır.

Mütəxəssis vurğulayıb ki, gecə insulin səviyyəsinin dəyişməsi maddələr mübadiləsində pozuntuya səbəb ola bilər. Gecə aclığını hiss edənlərə az miqdarda qatıq, qaynadılmış yumurta və ya bir ovuc qoz-fındıq tövsiyə edilir. Sergeyeva əlavə edib ki, yuxu rejimi pozulan insanlarda aclıq hormonlarının səviyyəsi də dəyişir. Bu səbəbdən həm yuxu rejiminə, həm də axşam yemək saatlarına diqqət yetirilməlidir.

Gecə yeməyindən imtina etmək mümkün deyilsə, ən azı qidanın keyfiyyəti və miqdarı nəzarətdə saxlanmalıdır. Mütəxəssis sonda qeyd edib ki, sağlam qidalanma yalnız günorta deyil, günün bütün saatlarını əhatə etməlidir.