Çay dünyanın ən çox istehlak edilən içkilərindən biri hesab olunur. Bir çox insan səhər yeməyindən axşam naharınadək müxtəlif qidaları çayla birlikdə qəbul edir. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, bəzi məhsulları çayla içmək sağlamlıq üçün arzuolunmaz nəticələrə səbəb ola bilər.
Foodinfo.az URA.RU saytına istinadla xəbər verir ki, Rusiyanın qastroenteroloqu, "Gemotest" laboratoriyasının eksperti Yekaterina Kaşux bəzi qidaların çayla birlikdə qəbul edilməsinin həzm prosesinə və qida maddələrinin mənimsənilməsinə mənfi təsir göstərdiyini bildirib.
Mütəxəssisin sözlərinə görə, xüsusilə qara çayın tərkibində olan taninlər dəmir və zülallarla birləşərək onların orqanizm tərəfindən mənimsənilməsini çətinləşdirir. Bu səbəbdən ispanaq, lobya, mərcimək, noxud, qoz-fındıq, qaraciyər və mal əti kimi dəmirlə zəngin məhsulların çayla birlikdə içilməsi tövsiyə edilmir. Həkim qeyd edir ki, belə qidaların qəbulundan sonra ən azı bir saat gözləmək daha məqsədəuyğundur.
Yekaterina Kaşux bildirir ki, taninlər yalnız dəmirin deyil, eyni zamanda zülalların həzminə cavabdeh olan pepsin fermentinin fəaliyyətini də zəiflədə bilər. Nəticədə insanlarda mədədə ağırlıq hissi, köp və narahatlıq yarana bilər. Xüsusilə zülalla zəngin qidaların ardınca içilən güclü qara çay bəzi insanlarda həzm problemlərini artıra bilər.
Ekspert şirniyyatların da çayla birlikdə qəbulunu məsləhət görmür. Onun sözlərinə görə, şəkərli qidaların isti çayla birlikdə istehlakı qanda qlükoza səviyyəsinin daha sürətli yüksəlməsinə səbəb ola bilər. Bu isə xüsusilə şəkərli diabet riski olan şəxslər üçün arzuolunmaz hesab olunur.
Mütəxəssis yaşıl çayın qara çayla müqayisədə daha az tanin ehtiva etdiyini desə də, onun yüksək turşuluğa malik olduğunu vurğulayıb. Bu xüsusiyyət bəzi insanlarda mədə selikli qişasının qıcıqlanmasına səbəb ola bilər. Xüsusilə qastrit və ya həssas mədə problemi olan şəxslərin yaşıl çayı ehtiyatla qəbul etməsi tövsiyə olunur.
Həkimin sözlərinə görə, süd əlavə olunmuş çayın istifadəsində ciddi problem yoxdur. Lakin laktoza həssaslığı olan insanlar belə içkilərdən istifadə edərkən diqqətli olmalıdırlar. Əks halda qarında köp, ağrı və digər həzm pozuntuları yarana bilər.
Yekaterina Kaşux daha ciddi bir məqama da diqqət çəkib. O bildirib ki, heç bir dərman preparatı çayla qəbul edilməməlidir. Çayın tərkibindəki maddələr dəmir preparatları, bəzi antibiotiklər, ürək-damar və sinir sistemi üçün təyin olunan dərmanlarla reaksiyaya girərək onların təsirini zəiflədə bilər.
Bundan əlavə, çayın tərkibindəki kofein bir sıra dərmanların təsirini gözlənilməz şəkildə dəyişə bilər. Bu isə müalicənin effektivliyinin azalmasına və ya əksinə, yan təsirlərin güclənməsinə səbəb ola bilər.
Mütəxəssislər dərmanların yalnız otaq temperaturunda olan adi qazsız su ilə qəbul edilməsini tövsiyə edirlər. Onların fikrincə, düzgün qidalanma qədər qida və içkilərin hansı kombinasiyada qəbul edilməsi də sağlamlığın qorunmasında mühüm rol oynayır.






