Dövlət Statistika Komitəsi yanvar-noyabr aylarında ölkədə rəsmi inflyasiya göstəricisini açıqlayıb. Foodinfo.az FED.az-a istinadən xəbər verir ki, komitənin məlumatına görə, ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiyməti noyabrda 1,2%, yanvar-noyabr dövründə ötən illə mqayisədə 19,5%, noyabr ayının ötən ilin noyabrla müqayisəsində isə 20,1% bahalaşıb. DSK-nın məlumatına görə, noyabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma unun, manna yarmasının, makaron məmulatlarının, peçenyenin, mal və toyuq ətinin, balıq konservlərinin, qatılaşdırılmış şəkərli südün, pendirin, yumurtanın, qarğıdalı yağının, bananın, xiyarın, pomidorun, kartofun, soğanın, şəkər və şəkər tozunun, konfetlərin, çayın, meyvə şirəsinin qiymətində baş verib. Noyabr ayında ucuzlaşma isə yalnız meyvətərəvəzin və mövsümi meyvələrin qiymətində müşahidə edilib. Qiymətlərin azalması əsasən narın, heyvanın, xurmanın, almanın, naringinin, limonun, kələmin, çuğundurun, sarımsağın qiymətlərində qeydə alınıb. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişiklik baş verməyib – deyə DSK bildirir.