Minimum istehlak səbətinin tərkibinə daxil olan bir sıra əsas ərzaq mallarının və onların istehsalında istifadə olunan malların ölkə ərazisindən aparılmasının tənzimlənməsinə dair tədbirlərə dəyişiklik edilib. Foodinfo.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Nazirlər Kabinetinin izahında bildirilib ki, qərar bir sıra ərzaq mallarının və onların istehsalında istifadə olunan malların ölkə ərazisindən aparılmasına dair tənzimlənmənin əhatə dairəsinin optimallaşdırılması və qüvvədə olma müddətinin uzadılması məqsədilə hazırlanmışdır. Qərarın qəbul edilməsi ilə iqlim dəyişiklikləri və davam edən geosiyasi proseslərin səbəb olduğu problemlər fonunda əhalinin əsas ərzaq malları ilə təchizatı üzrə stabilliyin qorunub saxlanılması proqnozlaşdırılır. Qərarın qüvvədə olma müddəti 2023-cü il dekabrın 31-dək uzadılıb. Əvvəl bu, 2022-ci il dekabrın 31-dək olan dövrü nəzərdə tuturdu. Eyni zamanda qərara görə, Azərbaycan Respublikasının gömrük ərazisindən aparılması müvəqqəti olaraq tənzimlənən malların siyahısı dəyişib.