
Diyetoloq Elena Solomatina qaragilənin gündəlik istehlak miqdarına diqqət çəkib. Foodinfo.az bildirir ki, mütəxəssis gündə 200 qramdan çox qaragilə yeməyin məsləhət olmadığını bildirib.
O, “Moskva danışır” verilişində bu mövzuya toxunaraq, qaragilənin allergiyaya və fərdi dözümsüzlüyə səbəb ola biləcəyini vurğulayıb. Solomatina qeyd edib ki, sağlam şəxslər üçün optimal gündəlik norma 150-200 qram arasındadır.
Onun sözlərinə görə, qaragilə immun sistemini dəstəkləyən, görmə qabiliyyətini yaxşılaşdıran və antioksidant təsirə malik faydalı meyvədir. Lakin hər meyvədə olduğu kimi, qaragilənin də normadan artıq qəbulu arzuolunmazdır.
Mütəxəssis bildirib ki, həddindən artıq qəbul bəzi şəxslərdə həzm problemlərinə və allergik reaksiyalara səbəb ola bilər. Buna görə də, sağlamlıq üçün faydasını itirməməsi baxımından gündəlik miqdarına riayət etmək vacibdir.