
Əvvəlcədən hazırlanan yeməklərin uzun müddət saxlanılması sağlamlığa mənfi təsir göstərə bilər. Foodinfo.az bildirir ki, bu barədə “Mənim yemək” xidmətinin dietoloqu Tatyana Meşçarikova “İzvestiya”ya açıqlamasında məlumat verib.
Ekspertin sözlərinə görə, soyuducuda saxlanılan yeməklərin maksimum istifadə müddəti dörd gündür. Bu müddətdən sonra qida maddələri tədricən faydasını itirməklə yanaşı, sağlamlıq üçün təhlükəli mikroorqanizmlərin inkişafı üçün də şərait yaradır.
"Yemək xarab olmasa və görünüşcə təzə qalsa belə, yanlış saxlanma şəraiti nəticəsində salmonella və koli çubuğu (E.coli) kimi bakteriyalar aktivləşə bilər", – deyə Meşçarikova bildirib.
Mütəxəssis əlavə edib ki, qidanın dəfələrlə qızdırılması da orqanizm üçün faydalı olan vitamin və mikroelementlərin tədricən itməsinə səbəb olur.
Ona görə də sağlam qidalanma üçün yeməklərin daha az porsiyada, təzə şəkildə hazırlanması və düzgün saxlanması tövsiyə olunur.