Balın gündəlik qidalanmada düzgün istifadəsi orqanizmin şəkəri tənzimləmə qabiliyyətini gücləndirə və iştahanı azaltmağa kömək edə bilər. Foodinfo.az xəbər verir ki, Rbc.ua balın arıqlama prosesinə hansı yollarla təsir göstərdiyini açıqlayıb.

Məlumata görə, balın qlisemik göstəricisi adi şəkərə nisbətən daha aşağıdır və bu səbəbdən qanda şəkərin sürətlə yüksəlməsinin qarşısını alır. Qanda şəkərin daha sabit saxlanması isə tez acma hissini azaldır və yüksək enerjili qəlyanaltılara meyli aşağı salır. Dietoloqlar bildirirlər ki, bu xüsusiyyət arıqlamaq istəyən şəxslər üçün əhəmiyyətlidir, çünki nəzarətsiz iştaha bədən çəkisinin artmasına səbəb olur.

Tədqiqatlar balın yağların parçalanmasında da rol oynadığını göstərir. Frontiersin mənbəsində dərc olunan elmi işdə balın qaraciyərdə və qarın nahiyəsində yağ yığılmasını azaltdığı qeyd edilir. Həmçinin bal qanda yağ miqdarının azalmasına, yəni triaqlesirid və xolesterin səviyyəsinin aşağı düşməsinə kömək edə bilər. Bu isə maddələr mübadiləsinin daha səmərəli işləməsinə şərait yaradır.

Mütəxəssislər bildirirlər ki, bal hüceyrələrin insulinə həssaslığını yaxşılaşdırır və şəkərin enerji kimi istifadəsini gücləndirir. Bu proses bədənin daha çox kalori yandırmasına şərait yaradır və artıq çəkinin azalmasına töhfə verir.

Bununla belə, balın istifadəsində diqqətli olmaq vacibdir. Bir xörək qaşığı balda təxminən 64 kalori və 17 qram şəkər olur, buna görə də miqdar dəqiq ölçülməlidir. Mütəxəssislər balı yalnız digər şirinləşdiricilərin əvəzinə istifadə etməyi, əlavə olaraq qəbul etməməyi tövsiyə edirlər. Balın tərkibinə əlavə şəkər qatılmamasına da xüsusi diqqət yetirilməlidir.