Mütəxəssislər bildirirlər ki, badımcan yalnız dadlı tərəvəz deyil, eyni zamanda orqanizm üçün olduqca faydalı məhsullardan biridir. Onun tərkibindəki vitamin və antioksidantlar bir sıra xəstəliklərin qarşısının alınmasına kömək edir.

Foodinfo.az Healthline saytına istinadla xəbər verir ki, dietoloq Emili Limonun sözlərinə görə, badımcan xüsusilə ürək-damar sistemi üçün faydalıdır. Tərəvəzin tərkibində olan antosianinlər damarları qoruyur, xolesterinin səviyyəsini azaltmağa və qan dövranını yaxşılaşdırmağa yardım edir. Ekspert qeyd edib ki, badımcanın qabığında toplanan antioksidant maddələr hüceyrələri zədələnmədən qoruyaraq orqanizmin qocalma prosesini ləngidə bilər.

Mütəxəssis bildirir ki, badımcan liflə zəngin olduğu üçün həzm sisteminə də müsbət təsir göstərir. Bu tərəvəz bağırsaqların fəaliyyətini aktivləşdirir, toxluq hissini artırır və artıq çəkinin idarə olunmasına kömək edir. Bundan əlavə, aşağı kalorili olduğu üçün pəhriz saxlayan şəxslər üçün uyğun hesab olunur.

Ekspert əlavə edib ki, badımcanın tərkibində kalium, C vitamini və B qrupu vitaminləri də var. Bu maddələr immun sistemini gücləndirir, sinir sisteminin fəaliyyətini dəstəkləyir və orqanizmin enerji balansına müsbət təsir göstərir. Həkimlər badımcanın qızardılmış deyil, sobada və ya buxarda hazırlanmış formada qəbulunu daha faydalı hesab edirlər.