Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda verdiyi tapşırıqların icrası ilə bağlı İqtisadiyyat Nazirliyində geniş kollegiya iclası keçirilib. Nazirlikdən Foodinfo.az-a verilən məlumata görə, iclasda qeyd olunub ki. dövlət başçısının tapşırıqlarına uyğun olaraq, İqtisadiyyat Nazirliyi yuyucu vasitələrin istehsalının təşkilinə, mövcud su istehsalı müəssisələrinin və içki zavodlarının tam gücü ilə işləməsinə, bu sahədə qablaşdırmaya, yeni süd zavodlarının tikintisi və mövcud süd zavodlarında kərə yağı xətlərinin yaradılmasına dair araşdırmalar aparacaq və aidiyyəti qurumlarla birlikdə təkliflər hazırlanacaqdır. Kollegiya iclasında dövlət başçısının tapşırığına uyğun olaraq, suvenir istehsalının genişləndirilməsi, sahəvi assosiasiyalarla görüşlərin təşkili və qısa müddət ərzində bu sahədə təkliflərin hazırlanması, suvenir istehsalına güzəştli kreditlərin verilməsi və digər dövlət dəstəyi tədbirlərinin davam etdirilməsi barədə Nazirliyin müvafiq qurumları qarşısında konkret istiqamətlər müəyyən edilib.