Saatlıda kənd təsərrüfatının digər sahələri ilə yanaşı heyvandarlığın da inkişafına xüsusi diqqət yetirilir. Rayonda bu sahənin inkişafını daha da sürətləndirmək, heyvandarlıq məhsulları istehsalını daha da artırmaq məqsədilə yeni-yeni təsərrüfatlar yaradılır, mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirilir. Həyata keçirilən layihələr nəticəsində rayonda heyvanların baş sayı, ət, süd və yun istehsalı ilbəil artır, mal-qaranın cins tərkibi yeniləşir. Rayon statistika idarəsindən bildirilib ki, 2018-ci ilin yanvar ayının 1-ə olan məlumata görə, Saatlının ayrı-ayrı heyvandarlıq və fərdi təsərrüfatlarında 67 min 548 baş iri buynuzlu mal-qara və 112 min 992 baş qoyun-keçi saxlanılır ki, bu da 2017-ci ilin eyni dövrü ilə müqayisədə ümumilikdə 1008 baş çoxdur. Təsərrüfatlarda mal-qara və davarların baş sayının artırılması ət, süd və yun istehsalına da güclü təkan verib. Ötən il rayonda 7 min 113 ton ət (diri çəkidə), 38 min 754 ton süd, 147,7 ton yun istehsal edilib ki, bu da ötən illərdəkindən xeyli çoxdur. (AZƏRTAC)