Zərərvericilərdən azad zonaların yaradılması imkanlarının nəzərdən keçirilməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Babək, Culfa, Şərur, Sədərək, Ordubad və Şahbuz rayonlarında genişmiqyaslı fitosanitar monitorinqlər keçirib.

Foodinfo.az xəbər verir ki, monitorinqlər zamanı müxtəlif bitkilərdən ümumilikdə 34 nümunə götürülərək laborator müayinələrə cəlb edilib, 8 növ zərərvericinin mövcudluğunu müəyyən etmək üçün 60 ədəd feromon tələ quraşdırılıb. Monitorinqlər nəticəsində karantin tətbiq edilən növlərdən Meyvə ağaclarının yanığı, Sürünən kəkrə, Sarı sarmaşıq və Kaliforniya çanaqlı yastıcasına rast gəlinib. Bununla bağlı müvafiq fitosanitar tədbirlər görülüb.

Naxçıvan ərazisində meyvə bağlarının əlverişli coğrafi mövqedə yerləşməsi, relyef və iqlim şərtlərinin izolyasiyaedici xüsusiyyətləri qeyd olunan ərazilərin zərərli orqanizmdən azad zona və azad istehsal sahələrinin yaradılması baxımından əlverişli potensiala malik olduğunu göstərir.

Qeyd edək ki, zərərli orqanizmdən azad zona, istehsal sahəsi və istehsal yeri bitki və bitkiçilik məhsullarının beynəlxalq ticarəti zamanı idxalçı ölkələrin fitosanitar idxal tələblərinə uyğunluğunun təsdiqi məqsədilə yaradılıb, əlavə fitosanitar tədbirlər aparılmadan ixrac prosesinin asanlaşdırılmasından və potensialının gücləndirilməsindən ibarətdir.