
Daxil olmuş müraciət əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsi 14 ünvanında yerləşən "Füzuli" kafesində yoxlama keçirilib.
Bu barədə Foodinfo.az-a AQTA-dan məlumat verilib.
Baxış zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstədiyi, temperaturun monitorinqinin aparılmadığı, müəssisədə və ət satışı sahəsində qida ilə təmasda olan səthlərin asan yuyulub təmizlənə bilən materialla üzlənmədiyi müşahidə edilib. Eyni zamanda, bəzi qida məhsullarının birbaşa döşəmənin üzərində saxlandığı, işçilərin tibbi müayinədən keçirilmədiyi, istifadə olunan ətlərin, süd, turşu və mürəbbə məhsullarının üzərində qanunvericiliyə uyğun olaraq markalanma aparılmadığı, məhsulların keyfiyyət və təhlükəsizlik sənədlərinin mövcud olmadığı, müəssisədə hazırlanan yeməklərin və yarımfabrikatların üzərində hazırlanma tarixi barədə markalanma aparılmadığı aşkarlanıb.
Müəssisədə emal olunan məhsullardan nümunələr götürülərək, mikrobioloji və DNT analizlərinə cəlb olunmasına məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutuna təhvil verilib.
Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib.
