Çin istehsalı olan bəzi şirniyyatların sağlamlığa mənfi təsir göstərə biləcəyi barədə xəbərdarlıq edilib. Foodinfo.az Ndn.info saytına istinadla xəbər verir ki, bu konfetlərin tərkibindəki sorbitol adlı maddə uşaqlarda və gənclərdə ciddi narahatlıqlara səbəb ola bilər.
Novosibirsk vilayətinin baş klinik farmakoloqu Pavel Madonovun sözlərinə görə, sorbitol əslində tibbdə işlədilən təbii mənşəli şəkər əvəzidir və bəzən bağırsaq hərəkətini artırmaq üçün dərmanlarda istifadə olunur. Lakin Çin istehsalı konfetlərdə bu maddənin miqdarı nəzarətsiz şəkildə çox olduğuna görə, onu çox yemək uzun sürən ishala səbəb ola bilər.
Mütəxəssislərin bildirdiyinə görə, bu şirniyyatların yan təsiri 5–7 ədəd konfet yedikdən sonra özünü göstərir. Qısa müddətdə qarın ağrısı, köp və ishal kimi əlamətlər yaranır.
Sözügedən konfetlər parlaq rəngləri, güclü dadı və ucuz qiymətinə görə gənclər arasında xüsusilə məşhurdur. Onlar həm mağazalarda, həm də internet üzərindən satılır, lakin çox zaman mənşəyi və tərkibi barədə məlumat olmur.
Həkimlər həmçinin Çin istehsalı soya ətinin də təhlükəli ola biləcəyini qeyd edirlər. Belə məhsulların üzərində çox vaxt Azərbaycan və ya rus dilində məlumat yazılmır, yalnız iyerogliflər göstərilir. Bu isə alıcının məhsulun tərkibini və keyfiyyətini anlamasını çətinləşdirir.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, vətəndaşlar etibarsız, markasız və tərkibi göstərilməyən məhsulları almamalıdırlar. Qida məhsulunun üzərində açıq və aydın məlumatın olması sağlamlıq üçün əsas təminatlardan biridir.






