Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.

Foodinfo.az xəbər verir ki, tədbirlər çərçivəsində Agentliyin əməkdaşları tərəfindən Gəncə şəhəri, H.Əliyev küçəsi ilə P.Səmədov küçəsinin kəsişməsində fəaliyyət göstərən mağazada planlı yoxlama keçirilib. Yoxlama zamanı mağazada çalışan işçi heyətin ilkin və dövri tibbi müayinəyə cəlb olunmadığı, xüsusi geyimlə təmin edilmədiyi, məhsulların döşəmədən və divardan ara məsafəsi gözlənilmədən saxlanıldığı, eləcə də müvafiq təmizlik işlərinin aparılmadığı məlum olub. Eyni zamanda satışı həyata keçirilən müxtəlif çeşidli mənşəyi məlum olmayan məhsullar aşkar edilib.

Faktla bağlı sahibkar barəsində inzibati tədbir görülüb, icrası məcburi göstərişlər verilib.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı alınacaq.