Kürdəmirdə kartof əkini kampaniyasına başlanılıb və builki mövsümdə 1125 hektardan çox sahədə əkin aparılacağı gözlənilir. Rayon icra hakimiyyətindən bildirilib ki, az vaxtda 300 hektardan çox sahədə əkin aparılıb. Rayonun kartofçuluqla daha çox məşğul olunan Kürqırağı ərazilərində, o cümlədən Axtaçı, Mehdili, Ərəbqubalı, Köhünlü, Qocalı və bir sıra digər ərazi vahidlərində əkin kampaniyasına daha mütəşəkkil hazırlıqla start verilib. Əkində əsasən yerli toxumlardan istifadə edilir. Qeyd edək ki, kartofçuluq bölgədə ailə təsərrüfatında mühüm yer tutur. Təsadüfi deyil ki, ailə büdcəsinə gəlir gətirən bu sahə ildən-ilə inkişaf edir. Təkcə ötən il 1119 hektardan 13 min 737 ton kartof istehsal olunub ki, bu da əvvəlki ildəkindən xeyli çoxdur. (AZƏRTAC)