Beynəlxalq alimlər qrupu yaşlanma ilə zəifləyən immun sistemini müvəqqəti olaraq “yenidən işə salmağa” imkan verən innovativ üsul hazırlayıb. Foodinfo.az xəbər verir ki, Massaçusets Texnologiya İnstitutu və Brouda İnstitutunun mütəxəssisləri bu sahədə mühüm elmi nailiyyət əldə ediblər. Araşdırmanın nəticələri nüfuzlu Nature jurnalında dərc olunub.
Məlumdur ki, yaş artdıqca timus vəzi tədricən kiçilir və yeni T-hüceyrələrinin istehsalı azalır. Bu isə orqanizmin infeksiyalara qarşı müdafiəsini zəiflədir, vaksinlərə və immunoterapiyaya reaksiyanı aşağı salır. Alimlər bu problemi aşmaq üçün qaraciyər hüceyrələrini mRNT texnologiyası vasitəsilə müvəqqəti olaraq yenidən proqramlaşdırıblar. Nəticədə qaraciyər hüceyrələri normalda timus tərəfindən istehsal olunan və T-hüceyrələrinin yetişməsinə kömək edən üç xüsusi zülalı sintez etməyə başlayıb.
Təcrübələr yaşlı siçanlar üzərində aparılıb və nəticələr ümidverici olub. Heyvanlarda T-hüceyrələrinin həm sayı, həm də funksional keyfiyyəti artıb, peyvənddən sonra immun cavab iki dəfə güclənib, xərçəngə qarşı immunoterapiyanın effektivliyi yüksəlib. Tədqiqatın rəhbəri, professor Fen Çjan bu prosesi “qaraciyərdə immunitet üçün müvəqqəti istehsal mərkəzi yaratmaq” kimi izah edib.
Alimlər vurğulayırlar ki, üsulun təsiri müvəqqətidir, çünki mRNT orqanizmdə tez parçalanır. Bu xüsusiyyət metodun təhlükəsizliyini artırır və gələcəkdə insanlarda tətbiqi üçün yeni perspektivlər açır. Mütəxəssislər hesab edirlər ki, bu yanaşma yaşla bağlı immun zəifliyinin qarşısının alınmasında inqilabi rol oynaya bilər.






