Süni orqanların qurulması üçün daha dayanıqlı və uzana bilən material axtarışı alimləri yeni tərkibli polimer yaratmağa yönəldib. Foodinfo.az Gazeta.ru-ya istinadla xəbər verir ki, Virciniya Universitetinin araşdırıcıları poli-etilen-qlikol əsasında çevik və canlı toxumalarla uyğunlaşan yeni quruluş hazırlayıblar.

Alimlərin bildirdiyinə görə, bu polimer həm böyük möhkəmlik, həm də yüksək uzanma qabiliyyəti nümayiş etdirir və bu xüsusiyyətlər süni orqanların çərçivələrinin hazırlanmasında çox vacibdir. Mütəxəssislər qeyd edirlər ki, əvvəlki poli-etilen-qlikol nümunələri quruduqdan sonra kövrəkləşir və elastikliyini itirirdi. Yeni yanaşma isə bu məhdudiyyəti aradan qaldırır və materialın hərəkətə davamlı olmasını təmin edir.

Tədqiqat qrupu polimeri “bükülən fırça” quruluşunda hazırlayıb və bu quruluş sayəsində maddə sanki iç-içə yığılıb açılan hissələr kimi davranır. Bu üsul həm möhkəmliyi artırır, həm də materiala geniş hərəkət imkanı yaradır. Araşdırmaçılar qarışığı bir neçə saniyə ərzində işıqlandıraraq üçölçülü şəbəkə quruluşunun yaranmasına nail olublar. Nəticədə həm yumşaq, həm də daha sərt formalar hazırlamaq mümkün olur, üstəlik bu formalar öz uzanma qabiliyyətini saxlayır.

Alimlərin sözlərinə görə, bu materialın ən böyük üstünlüklərindən biri onun 3D qurğu ilə rahat şəkildə çap edilə bilməsidir. Bu isə gələcəkdə süni orqan çərçivələrinin daha dəqiq və şəxsə uyğun hazırlanmasına şərait yaradacaq. Tədqiqatçılar əlavə ediblər ki, maddə canlı toxumalarla uyğunluq testindən də müsbət nəticə alıb və hüceyrələr bu quruluşların yanında normal şəkildə inkişaf edib.