Tibb elmləri namizədi, Piroqov Universitetinin Farmakologiya kafedrasının müəllimi Andrey Kondraxin insan orqanizmi üçün həyati vacib minerallardan biri olan maqneziumun rolundan danışaraq, onun çatışmazlığını göstərən əsas əlamətləri sadalayıb.

Mütəxəssis bildirib ki, maqnezium-kalsium mübadiləsində mühüm iştirak edən bu mineral kalsiumun sümüklərdə qalmasına kömək edir, həmçinin təbii miorelaksant kimi çıxış edərək hamar əzələləri rahatladır, sinir-əzələ ötürülməsini zəiflədir və insanı stres zamanı sakitləşdirir. Bundan əlavə, maqnezium kollagenin sintezində də vacib rol oynayır.

Foodinfo.az xəbər verir ki, Kondraxinin sözlərinə görə, maqnezium çatışmazlığının əsas əlamətləri bunlardır:

baldır, bel və qollarda qıcolmaların yaranması;

əsəbilik və güclü yorğunluq;

ürək ritminin pozulması və təzyiqin yüksəlməsi;

böyrəkdaşı xəstəliyi və osteoporoz.

Ekspert vurğulayıb ki, sadalanan simptomların olması dərhal özbaşına maqnezium qəbulu üçün əsas deyil. Onun sözlərinə görə, minerala ehtiyacın dəqiq müəyyənləşdirilməsi vacibdir və yalnız həkim məsləhəti ilə qəbul edilməlidir.

Həkim həmçinin əks göstərişlər barədə də xəbərdarlıq edib. Ən əsas risk qrupu hipotoniyadan – yəni aşağı qan təzyiqindən əziyyət çəkənlərdir. Çünki maqnezium təzyiqi daha da sala bilər. Çox nadir hallarda rast gəlinən həddindən artıq qəbul halları da məhz təzyiqin kəskin düşməsi ilə özünü göstərir.

Kondraxin əlavə edib ki, uzunmüddətli və nəzarətsiz maqnezium istifadəsinin də faydası yoxdur, çünki orqanizm onun artıq miqdarını özü xaric edir.