
Payızın qısa və buludlu günləri bir çox insanlarda halsızlıq, kədər və iş qabiliyyətinin azalmasına səbəb olur. Foodinfo.az xəbər verir ki, psixoloq Radmila Striqunova bildirib ki, bu əhval dəyişikliklərinin əsas səbəbi bədəndə gedən biokimyəvi proseslərdir.
Mütəxəssis izah edir ki, gün işığının azalması serotonin (“xoşbəxtlik hormonu”) səviyyəsini aşağı salır, melatonin (“yuxu hormonu”) səviyyəsini isə artırır. Bu hormonal disbalans yorğunluq, əsəbilik və yuxululuq kimi əlamətlərə yol açır.
Psixoloqa görə, payız depressiyasına ən çox gənclər və yaşlılar, ofis işçiləri, həmçinin təlaşlı və həssas insanlar meyillidir.
Payız depressiyasının təsirini azaltmaq üçün Striqunova bir neçə tövsiyə verir:
Gün işığından maksimum istifadə – pəncərə yanında işləmək, açıq havada gəzmək və güclü süni işıqdan faydalanmaq.
Müntəzəm fiziki aktivlik – qısa da olsa açıq havada gəzintilər bədəni və zehni canlandırır.
Balanslı qidalanma – rasiona vitaminlər, maqnezium və omega-3 yağ turşuları ilə zəngin qidaları əlavə etmək.
Gündəlik rejimin qorunması – dəqiq yatıb-durmaq hormonal səviyyələri normallaşdırır.
Müsbət emosiyalar – yaxınlarla ünsiyyət, hobbilər və mədəni tədbirlər əhvalı yaxşılaşdırır.
Planlaşdırma – işləri əvvəlcədən planlamaq stressi azaldır və özünü idarə etmə hissini gücləndirir.
Psixoloq vurğulayır ki, əgər insan özbaşına bu vəziyyəti dəf edə bilmirsə, psixoloq və ya psixoterapevtə müraciət etməkdən çəkinməməlidir.