Qış mövsümünün gəlişi ilə birlikdə immun sisteminin möhkəmləndirilməsi bir çox insan üçün əsas mövzulardan birinə çevrilir. Foodinfo.az bildirir ki, düzgün seçilmiş qidalar orqanizmin infeksiyalara qarşı müqavimətini əhəmiyyətli dərəcədə artıra bilər. Portağal şirəsi C vitamini ilə zəngin olması sayəsində soyuqdəymə zamanı orqanizmin müdafiə gücünü dəstəkləyir. Həkimlər bu vitamini xüsusilə burun axıntısı və halsızlıq dövründə qəbul etməyi tövsiyə edirlər. Yoğurt və digər fermentləşdirilmiş süd məhsulları bağırsaq mikroflorasını tənzimləyərək immun hüceyrələrin fəaliyyətini gücləndirir. Bu məhsullar həmçinin A vitamininin mənimsənilməsinə kömək edir ki, bu da selikli qişaların qorunmasında mühüm rol oynayır.
Yağlı balıq növləri D vitamini və omeqa-3 yağ turşuları ilə zəngin olduğu üçün iltihabi proseslərin azalmasına dəstək verir. Bu maddələr bakteriyalara qarşı təbii qoruyucu mexanizmləri aktivləşdirir. Dəniz məhsulları, xüsusilə istiridyələr sink mənbəyi kimi immun sisteminin əsas dayaqlarından hesab olunur. Sink immun hüceyrələrin yaranmasını stimullaşdıraraq orqanizmin patogenlərə cavabını gücləndirir. Qış menyusunda az yağlı qırmızı ətin yer alması da tövsiyə olunur. Bu məhsul zülal, dəmir və B qrup vitaminləri ilə immunitetin möhkəmlənməsinə kompleks şəkildə təsir göstərir.






