Qidalanma yalnız fərdi zövqlərdən deyil, mövsüm və yaş faktorundan da asılıdır. Foodinfo.az xəbər verir ki, AO “Meditsina”nın həkim-diyetoloqu Maryana Djútova “Çempionat”a açıqlamasında qış aylarında uşaqlar, yeniyetmələr və böyüklər üçün rasionun fərqli şəkildə qurulmalı olduğunu bildirib.
Mütəxəssisin sözlərinə görə, 12 yaşadək uşaqlarda maddələr mübadiləsi daha sürətlidir, buna görə də onlar daha tez-tez, lakin az porsiyalarla qidalanmalıdırlar. Bu yaş qrupu üçün gündə 3 əsas yemək və 2 ara qida optimal sayılır. Qış mövsümündə uşaqların menyusunda isti və yumşaq yeməklər – şorbalar, püre halında qidalar, sobada bişmiş tərəvəzlər üstünlük təşkil etməlidir. Djútova vurğulayıb ki, uşaqlar üçün aşağı kalorili və “quru” pəhrizlər yolverilməzdir. Bu dövrdə omeqa-3 yağ turşuları, dəmir və D vitamini xüsusilə vacibdir. Buna görə də rasiona balıq, kətan yağı, qaraciyər, paxlalılar və ispanaq əlavə olunmalıdır.
Yeniyetməlik dövründə isə aktiv böyümə ilə əlaqədar olaraq orqanizmin zülal və kalsiuma olan tələbatı artır. Həkim süd məhsulları, yumurta, kəsmik və balığın bu yaş qrupunda mütləq yer almalı olduğunu qeyd edib. Xüsusilə qızlarda ilk aybaşı dövründən etibarən dəmir çatışmazlığı riskinə diqqət yetirilməlidir.
Böyüklər üçün qış rasionunda əsas diqqət antioksidantlara, D vitamininə, lifə və çəki nəzarətinə yönəldilməlidir. Fiziki aktivliyin azalması səbəbindən qış aylarında artıq çəki riski yüksəlir. Mütəxəssis əlavə edib ki, şəkərli diabet, hipertoniyə kimi xroniki xəstəliklər olduqda qidalanma rejimi mütləq fərdi tibbi göstərişlərə uyğun tənzimlənməlidir.






