Qrip mövsümü gəldiyindən bitki çaylarına tələbat artıb. Cökə, şüyüd, adaçayı və alma çayı ən çox istehlak edilən bitki çayları arasındadır. Bəs içdiyimiz bitki çayının saxta olub olmamasını necə anlaya bilərik?

 Foodinfo.az xəbər verir ki, qrip üçün ən çox istifadə edilən çaylar nanə-limon, cökə, şüyüd, yaşıl çay və alma çayıdır. Təəssüf ki, xəstəliklərin artması və bitki çaylarına tələbatın çox olması saxta satıcıları da üzə çıxarıb. Bitki çayının həqiqiliyini müəyyən etmək üçün onun rənginə və qoxusuna baxmaq lazımdır. 

Çayın saxtalığını yoxlamağın ən asan yolu su testidir. Soyuq suya bir çimdik çay qoyun. Saxta çaydırsa, suya qoyduğunuz çay saralıb rəngini dəyişəcək. İlk dəqiqədə dərhal rəng verməsi çayın keyfiyyətsiz olmasından xəbər verir. Əgər 15-20 dəqiqə ərzində suyun rəngi yavaş-yavaş saralırsa bu, çayın keyfiyyətli olması deməkdir. 

Çay yarpaqlarının forması da çayın saxta olmasına bir ipucu verir. Yarpaqlarının forması əyilmiş, bükük və çay parçaları eyni ölçüdə olmalıdır. Eyni zamanda, toz halında olmamalıdır.

Çayın saxta olub olmadığını çay yarpaqlarının rəngindən də müəyyən edə bilərsiniz. Rənglərin tünd və parlaq olması vacibdir. Xüsusilə boyalı çay dəmləndikdə bulanıq olur.

Tünd və ətirli çay hər kəsin sevimlisidir. Amma saxta çaylarda da bunu görmək mümkündür. Saxta çaylara ətir vermək üçün başqa otlardan istifadə edə bilərlər. Əsl çayın isə özünəməxsus qoxusu olur. Bu, kəskin qoxu demək deyil. Əksinə, əsl çayın sizi narahat etməyən yüngül qoxusu olur.