Arıqlamaq artıq çəkisi olanlar üçün faydalıdır, lakin çox vaxt insanlar ciddi pəhrizdən sonra kökəlməyə başlayırlar. Əlavə kilolar öz "dostlar"ı ilə birlikdə qayıdırlar və insan psixoloji gərginlik yaşamağa başlayır. Bununla belə, elə bir pəhriz var ki, onunla daha rahat arıqlaya və çəkinizi stabil qoruya bilərsiniz.

Foodinfo.az aif.ru-ya istinadən xəbər verir ki, bu, Aralıq dənizi pəhrizidir.

"Tədqiqatlar göstərir ki, Aralıq dənizi pəhrizinə uzun müddət əməl edildiyi müddətdə pozma və residivlər, qeyri-sağlam yüksək kalorili qidalara qayıtma ən az müşahidə olunur. Bu pəhrizi saxlamaq asandır, çünki kalorilərin hesablanması  və ağır qida məhdudiyyətləri nəzərdə tutulmur”, - deyə tibb elmləri namizədi, diyetoloq, kardioloq Svetlana Pavliçenko izah edib.

Diyetoloq Aleksey Kabanov isə əlavə edib ki, Aralıq dənizi pəhrizi balanslaşdırılmış olur, insanı bezdirmir, orqanizm isə bütün lazımi qidaları alır. 

Aralıq dənizi pəhrizində əsas amil tərəvəz və meyvələrin, dəniz məhsulları və zeytun yağının yüksək istehlakıdır. Bu məhsulların birləşməsi insan sağlamlığına müsbət təsir göstərir, enerji və pozitivlik verir.

Belə pəhriz bədən quruluşuna müsbət təsirlə yanaşı, həm də ürək-damar xəstəliklərinin, 2-ci tip diabetin və demensiyanın inkişafının qarşısını alır. Aralıq dənizi pəhrizi hamiləlik dövründə anaların və gələcək körpələrin sağlamlığına da müsbət təsir göstərir, həmçinin, Altsheymer xəstəliyinin inkişaf riskini azaldır.

Bəs nə ilə qidalanmaq lazımdır? Ən əsası gündəlik rasiona meyvə-tərəvəz, tam taxıllar, qoz-fındıq, paxlalılar əlavə etmək və yeməklərdə zeytun yağından istifadə etmək, həftədə ən azı iki dəfə balıq və ya dəniz məhsulları yeməkdir. Yumurta, şəkər, yağlı ət və pendirdən isə imtina etmək daha yaxşıdır.

Aralıq dənizi pəhrizi bitki qidalarına əsaslanır. Normal həzmə və faydalı bağırsaq mikroflorasının artmasına səbəb olur. Yeməyi də düzgün bişirmək lazımdır. Belə ki, əsasən çiy tərəvəz və meyvələr yeyilməli, qarnir üçün isə yalnız tam taxıllardan istifadə edilməlidir. Qida qaynadılmış, pürtülmüş və ya sobada bişmiş olmalıdır. Qızardılan zaman faydalı maddələr itirilir və yemək daha kalorili olur.

Nurlan