Bu gün sayca 17-ci olan Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” və 29-cu Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood” Azerbaijan” sərgiləri Bakı Ekspo Mərkəzində keçirilir.

Foodinfo.az xəbər verir ki, “Caspian Agro” sərgisinə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi təşkilati dəstək göstərir. Bundan başqa, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası (AQİSA), BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA) sərgiləri fəal şəkildə dəstəkləyirlər.

Sərgilər ümumilikdə 38 ölkədən 500-ə yaxın şirkəti bir araya gətirəcək. Ötən illə müqayisədə sərgilərin miqyasında 10% artım müşahidə olunur.

Ümumilikdə sərgilərdə Azərbaycanla yanaşı, Almaniya, Amerika, Belarus, Belçika, Çexiya, Çin, Cənubi Koreya, Estoniya, Əfqanıstan, İspaniya, Finlandiya, Fransa, Gürcüstan, Hindistan, İran İslam Respublikası, İsrail, İsveç, İsveçrə, İtaliya, İndoneziya, Latviya, Misir, Niderland, Özbəkistan, Pakistan, Polşa, Qazaxıstan, Rusiya Federasiyası, Serbiya, Slovakiya, Tailand, Türkiyə, Türkmənistan, Şri-Lanka, Venesuela, Yaponiya və Yunanıstandan şirkətlər iştirak edirlər. Almaniya, Belarus Respublikası, Gürcüstan, Çex Respublikası, Əfqanıstan, İtaliya, Niderland Krallığı, Koreya, Polşa, Şri-Lanka, İndoneziya, Özbəkistan Milli Qrupları kənd təsərrüfatı və qida sənayesi məhsulları ilə təqdim olunacaq.

“Caspian Agro” və “InterFood Azerbaijan” sərgilərinin təşkilatçıları “Caspian Event Organisers” şirkəti, eləcə də onların tərəfdaşları olan “Caspian Event Management” və “ICA Events” şirkətləridir. Eyni zamanda, sərgilər Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA) tərəfindən aktiv şəkildə dəstəklənir. Sərgilər haqqında ətraflı məlumatı www.caspianagro.az və www.interfood.az rəsmi internet səhifələrindən əldə etmək mümkündür.